[b]Rizvan Fərzəliyev İspaniyadan revanş almaq arzusundadı[/b]
30.11.2017 - 18:45
[b]Rizvan Fərzəliyev İspaniyadan revanş almaq arzusundadı[/b]

“Noyabrın 28-dən milli komanda təlim-məşq toplantısındadı. Elə gün 2 dəfə hazırlıq keçmişik. Məşqlərimiz ardıcıllıqla da davam edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan millisinin üzvü Rizvan Fərzəliyev deyib.

 

Yığmamızın kapitanı dekabrın 2-dən 7-dək İranda keçiriləcək “4 Top Nations” beynəlxalq turniri ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, əsas məqsədləri Avropa çempionatında iştirak edəcək komandanın son durumunu nəzər yetirməkdi: “Dekabrın 1-də İrana yola düşəcəyik. Yığmamız və ev sahibi ilə yanaşı, Rusiya ilə Qazaxıstanın da iştirak edəcəyi bu yarış bizim üçün önəmlidi. Çünki komandamızı 1 aydan sonra Avropa çempionatı gözləyir. Demək olar ki, həmin yarış öncəsi bu turnir sonuncu yarışımızdı. Hər 3 rəqiblə yaxından tanışıq. Çalışacağıq ki, layiqli oyun göstərib yüksək nəticə ilə qayıdaq və Avropa çempionatına hazırlığımızı davam etdirək”.

 

Fərzəliyev əvvəlki heyətlə hazırkı heyəti də müqayisə edib. Onun sözlərinə görə, komanda heç də zəif deyil: “Milliyə məşqçilərin və rəhbərliyin dəvəti ilə yeni oyunçular cəlb edilib. Mənə elə gəlir ki, onlar Avropa çempionatında özlərini yaxşı tərəfdən göstərəcəklər. Yeniləri sınamaq baxımından İrandakı turnir bizim üçün vacib yarış hesab edilir. Çünki onlar məhz orda yoxlanılacaqlar və hazır olanlarla da qitə birinciliyinə məşqlərimizi davam etdirəcəyik”.

 

Kapitan Vassouranın düşərgəyə yaxşı formada gəldiyini də sözlərinə əlavə edib. Lakin o, Vitali Borisovun hansı səbəbdən komandaya qoşulmamasının səbəbini bilməyib: “İstərdim ki, Vitali də bizimlə çiyin-çiyinə vuruşsun. Serbiyada olduğundan elə bir əlaqəmiz yoxdu. Düşünmürəm ki, o, hansısa problem səbəbindən kənarda qalıb. Ola bilsin, klubu buraxmayıb”.

 

Fərzəliyev Avropa çempionatındakı hədəflərini də açıqlayıb: “Əsas məqsəd birinci mərhələni keçməkdi. Bu mərhələdə İspaniya və Fransa ilə oynayacağıq. Maksimum nəticə qazanmaq istəyirik. Ondan sonra hansı rəqiblə düşəcəyimiz bəlli olacaq”.

O, qitənin ən güclüsü hesab edilən İspaniya ilə oyuna xüsusi toxunub. Futzalçının sözlərinə görə, Avropa çempionatında mundialdakı məğlubiyyətin revanşını almaq arzusundadı: “Dünya çempionatında artıq İspaniyaya gücümüzü göstərdik. İlk dəqiqələrdə üstünlük bizdə idi. Hesabda da önə keçmişdik. Daha sonra adi səhvlərdən qol buraxdıq və komandada az da olsa ruh düşkünlüyü yarandı. Buna baxmayaraq, sonadək vuruşduq. 100 faizlik deməzdim, amma xal almaq şanslarımız 50-nin 50-yə idi. Onlar favorit hesab edildiklərindən yekunda da matçı üstün bitirdilər. Bu dəfə çalışacağıq ki, dünya çempionatındakı məğlubiyyətimizin əvəzini çıxaq. Komandada əhval-ruhiyyə yaxşıdı. Bunu yarışda da göstərmək niyyətindəyik. Ən azından qrupda birinci yeri tutub, növbəti mərhələyə adlamaq istəyirik”. 

0