Azərbaycan millisinin futbolçusu Rahid Əmirquliyevin Xorvatiyanın “Riyeka” klubunun maraq dairəsinə düşməsinin detalları bəlli olub. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın 26 yaşlı yarımmüdafiəçisini xorvatiyalılara yığmamızın baş məşqçisi Robert Prosineçki məsləhət görüb.
Çalışdırıcı sloveniyalı Matyaj Kekin baş məşqçisi olduğu “Riyeka”ya Rahidi izləməyi tövsiyə edib.
Məhz bundan sonra yarımmüdafiəçinin oyununa baxıb, onu izləyən xorvatiyalılar həmyerlilərindən bu işdə vasitəçi olmasını istəyib.
Prosineçki isə Rahidə “Riyeka”nın onu heyətində görmək istədiyini bildirib. Millimizin üzvü də təklifi götür-qoy edir.
Qeyd edək ki, Prosineçki Əmirquliyevə qədər də futbolçularımızın Xorvatiya klublarına keçidində vasitəçi olub. O, bu ilin əvvəlində Split “Hayduk”una keçib, yarım mövsüm Xorvatiyada çıxış edən Ruslan Qurbanovu da həmyerlilərinə məsləhət görmüşdü.