Azərbaycan millisi sabah - oktyabrın 11-də növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsində 3-cü qarşılaşmasına çıxacaq yığmamız səfərdə Çexiya millisi ilə üz-üzə gələcək.
Bu, komandamızın tarixində 226-cı matçıdı.
Belə ki, ilk matçını 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirib, 3:6 hesabı ilə uduzan komandamız 24 il ərzində 225 oyunda meydana çıxıb. Komandamız indiyədək 42 qələbə qazanıb, 61 dəfə heç-heçə edib.
Hesabında 122 məğlubiyyət olan millimiz bu matçlarda 160 dəfə rəqib qapısına yol tapıb. Qapıçılarımız rəqiblərinin 380 qoluna məyus olub.
Komandamız seçmə mərhələlərdə 111-ci sınağına çıxacaq. 12-ci tsikldə mübarizə aparan milli indiyədək 12 qələbə qazanıb, 22 heç-heçə edib. 34 matçda xal qazanan futbolçularımız 35-ci dəfə uduzmamağa çalışacaq. 76 dəfə uduzan yığmamız indiyədək 57 qol vurub. Rəqiblərimiz isə 232 dəfə qol sevinci yaşayıblar.
Dünya çempionatına vəsiqə uğrunda mübarizə aparan komandamız bu turnirin seçmə mərhələlərində 51-ci görüşünə çıxacaq. İndiyədək 50 belə matça çıxan yığmamız 6 qələbə qazanıb, 13 heç-heçəyə sevinib. Ostrava şəhərindəki yenilməzlik uduzmadığımız 20-ci belə qarşılaşma ola bilər. 31 məğlubiyyət acısı yaşayan futbolçularımız 21 qol vurub, 85-ni buraxıb.
Çexiyadakı matç xorvatiyalı baş məşqçi Robert Prosineçkinin millimizdə 15-ci sınağı olacaq. Ötən il 8, bu il 6 qarşılaşmada yığmamıza rəhbərlik edən mütəxəssis 4 qələbə və 5 heç-heçəyə sevinib ki, yubiley – 5-ci qələbənin səfərdə gəlməsini arzulayır. 5 dəfə məğlubiyyət acısı yaşayan komandamız top fərqində mütəxəssisi məyus edib – 12:17.
Səfər sınağı xorvatiyalının 9-cu seçmə oyunudu. Əvvəlki 8 matçda 3 qələbə və 3 heç-heçəsi olan komandamız 2 dəfə uduzub. Həmin görüşlərdə 7 qol vuran futbolçularımız eyni sayda top buraxıblar.