Ölkə çempionatının XXXI turunda “Xəzər Lənkəran”ın qonağı olacaq “Qəbələ” oyuna itkilərlə çıxacaq. Klubun mətbuat xidmətindən apasport.az saytının məlumatına görə, baş məşqçi Roman Qriqorçuk bu qarşılaşmada 5 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.
“Rəvan”la çempionat oyununda zədələnən Ruslan Abışov “Xəzər Lənkəran”la matçda meydana çıxmayacaq. Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçən 28 yaşlı futbolçu hələ müayinənin cavabını almasa da, onun Lənkəran səfərində oynamayacağı dəqiqləşib. Zədəsinin ciddi olduğu bildirilən Abışov məşqlərdə iştirak etmir.
Onunla yanaşı, daha 2 futbolçu zədədən əziyyət çəkir. Söhbət uzun müddətdi yaşıl meydanlara həsrət qalan Luis Hilario Dodo və “Rəvan”la matçdan öncə xəsarət alan Ermin Zetsdən gedir. Hər iki futbolçu “Xəzər Lənkəran”la matçı buraxmalı olacaq.
Əvəzində braziliyalı müdafiəçi Rafael Santos zədəsini sağaldaraq, sıraya dönüb.
“Qəbələ”nin daha 2 futbolçusu isə cəzalı duruma düşüb. Sarı vərəqə limitini dolduran Vojislav Stankoviç və Elvin Camalov XXXI turda Roman Qriqorçukun ixtiyarına olmayacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qəbələ” qarşılaşması aprelin 23-də keçiriləcək.