[b]Roman Qriqorçuk “Dinamo” haqda: Arzularımdan biri də...[/b]
20.09.2016 - 16:25
[b]Roman Qriqorçuk “Dinamo” haqda: Arzularımdan biri də...[/b]

“Mənim barəmdə tez-tez belə şayiələr yayılır. Hörmətsizlik kimi qəbul etməyin. Amma belə məsələlərə heç vaxt şərh vermirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Sergey Rebrovla yolları ayırmağa hazırlaşan Kiyev “Dinamo”su yeni baş məşqçi axtarışına çıxıb. Bu posta ən real namizədlər sırasında isə Oleq Kononovla yanaşı, Qriqorçukun da adı çəkilir.

 

Məsələ ilə bağlı münasibət bildirən ukraynalı çalışdırıcı maraqlı fikirlər səsləndirib. Qriqorçuk adlı-sanlı klublarda çalışmaq arzusunu gizlətməyib: “Həmişə demişəm ki, arzularımdan biri də top-klublarda çalışmaqdı. Həmin klubların adlarını çəkmək istəmirəm. Ümumiyyətlə, hər bir məşqçi istər ki, top-klublardan birinə rəhbərlik etsin. Sabah nəyin necə olacağını demək mümkün deyil”.

 

Bununla belə, 51 yaşlı məşqçi hazırda bütün diqqətini “Qəbələ”yə yönəltdiyini qeyd edib: “İndiki məqamda “Qəbələ”nin baş məşqçisiyəm, klubla müqaviləm var. Biz Azərbaycan çempionatı, ölkə kuboku və Avropa Liqası olmaqla, 3 müxtəlif turnirdə çıxış edirik. Hər birində iddiamızı sona qədər davam etdirmək fikrindəyik. Görüləsi işlərimiz çoxdu. Ardıcıl 2-ci dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazandıq. Bu tempdə də davam etməliyik. Fikrimcə, son illərdə həm “Qəbələ” klubunun, həm də Azərbaycan futbolunun imicini yüksəldə bilmişik. Amma bununla kifayətlənmək istəmirik. Avroliqada bizi qarşıda çox çətin oyun gözləyir. Hazırda bütün diqqətimi “Qəbələ”dəki işimə yönəltmişəm”.

 

Qeyd edək ki, 2015-ci ilin əvvəlindən “Qəbələ”ni çalışdıran Roman Qriqorçuk əvvəllər ölkəsinin "Metallurq" və "Çernomorets" klublarına da rəhbərlik edib.

 

Tengiz MƏMMƏDOV