“Qəbələ” klubunun ukraynalı baş məşqçisi Roman Qriqorçukun apasport.az saytına müsahibəsi
- “Qəbələ”yə yeni gəldiyiniz vaxt komanda stabil çıxış göstərə bilmirdi. Sonra nə dəyişdi ki, ardıcıl 8 tur qələbə qazandınız?
- Təzə gələndə hər şey istədiyin kimi alınmır. Yenilənmiş komandamız var. İşə yanaşma, oyun stili fərqlidi. Bunu göstərmək üçün vaxta ehtiyacımız var idi. Bəli, ilk turlarda vacib xallar itirdik. Bunun da səbəbi vaxt azlığı idi. Vaxt keçdikcə daha yaxşı oynamağa başladıq. Ancaq bu o demək deyil ki, tam istədiyimiz kimi oynayırıq. Hələ çox, lap çox işləməliyik.
- Futbolçular sizin oyun fəlsəfənizi tam qavraya biliblərmi?
- Fəlsəfəmi qavrayıblar. Amma onu hələ dərindən dərk etmirlər. Biz ciddi işlə məşğuluq və işimizdə ciddiyyət böyük rol oynayır. Bu sarıdan hələ tam alışmayıblar. Belə bir deyim var: Özünü öyrətməli və öyrənməlisən. Hələ çox şey öyrənməli, çox işləməliyik. Hazırda məhz bununla məşğuluq.
- Çoxu belə düşünür ki, “Qəbələ”də müdafiə ilə müqayisədə, yarımmüdafiə və hücum xətti daha güclüdü. Siz bu fikirlə razısızmı?
- Heç kimlə mübahisə etmək fikrim yoxdu. Sadəcə, onu deyə bilərəm ki, biz komandanı mövqelərə bölmürük. Mənim yanaşmam, tərzim bunu tələb edir ki, hücuma komanda şəklində keçməliyik. Nəinki müdafiəçilər, həmçinin qapıçı da hücumda iştirak etməlidi. Müdafiə olunmağa gəlincə, yenə komanda şəklində fəaliyyət göstərməliyik. Burda yük təkcə müdafiəçilər və qapıçının üzərinə düşməməli, hücumçu da komandanın müdafiəsində yaxından iştirak etməlidi. Mənim üçün əsas komanda oyunudu.
- Ölkə çempionatının XXXII turunda lider “Qarabağ”la qarşılaşacaqsız. Bu oyunda hansı nəticəyə ümid edirsiz?
- Başa düşürük ki, “Qarabağ” çox ciddi komandadı. Ağıllı, baxımlı oyun göstərməklə nəticə qazana bildiyini sübuta yetirib. Söhbət təkcə ölkə çempionatından yox, həm də Avrokubokdan gedir. “Qarabağ”ın güclü baş məşqçisi və futbolçuları var. Bütün bunlar onu deməyə əsas verir ki, bizi çox çətin 90 dəqiqə gözləyir. Amma bu oyun bizim üçün də maraqlıdı. Çünki geridə qalan vaxt ərzində nəyi öyrəndiyimizi görmək istəyirəm. Bu cür komandalarla görüşdə sən əsl gücünü, nəyə qadir olduğunu görürsən və nə etməli olduğunu anlayırsan.
- Yəqin ki, “Qəbələ”dəki ilk mövsümdəcə medal qazanmaq istərdiniz...
- Başımı belə şeylərlə yükləmirəm. İşə yanaşmamda bu kimi şeylərə yer yoxdu. Düzdü, idman medal, rekord, göstərici, nailiyyət deməkdi. Biz də ambisiyalı insanlarıq və uğur əldə etmək istəyirik, ancaq hazırda elə mərhələdəyik ki, ən əsas öz oyunumuzu tapmaqdı. Dediyim kimi, hələ çox işləməliyik. Addım-addım irəliləyirik. Odu ki, medal, yerlər haqda yox, növbəti oyun barədə düşünürük. Qarşıdan “Qarabağ”la matç gəlir, bütün diqqətimizi həmin görüşə yönəltmişik. Əvvəlki turda “Xəzər Lənkəran”la qarşılaşdıq, onda da hazırlığımızı sırf rəqibə uyğun qurmuşduq.
- Yayda komandanın hansı mövqeləri gücləndirilməlidi?
- İstərdim ki, bu barədə mövsümün sonunda danışaq. Mən belə şeylər haqda transferləri həyata keçirəndə danışmağı xoşlayıram. İrəlidə oyunlarımız var. Heyətdə olan futbolçuların qarşısında tapşırıq qoymuşuq. Biz klubun məqsədini, iddiasını bilirik. Gərək futbolçuların hər birinə şans verək ki, onlar da özlərini göstərməklə, bizim tələbimizə cavab versinlər. Çox istərdim ki, komandada olan bütün futbolçular tapşırıqların öhdəsindən gələ bilsinlər. İnanın, bu, məni çox sevindirərdi. Komandanın bütün oyunçularını sevirəm və onların qalmasını istərdim. Təbii ki, yeni transferlər olacaq. Çünki buna ehtiyacımız var. Daha da komplektləşmiş komandamız olmalıdı. Hansı mövqelərə yeni oyunçu alacağımızı isə deyə bilmərəm.
- “Qəbələ” tarixi ərzində cəmi 1 dəfə Avrokubokda iştirak edib ki, onda da birinci mərhələni adlaya bilməyib. Demək olar ki, Avrokuboka vəsiqəni təmin etmisiz və klubun azarkeşləri bu dəfə uğurlu çıxış gözləyirlər. Sizcə, bu heyətlə Avropa arenasında nəsə etmək mümkündümü?
- Nəsə etmək olar. Ancaq bizi “həmin nəsə” maraqlandırmır. İstərdim elə komandamız olsun ki, cəmi 1 mərhələ keçmək haqda düşünməyək. Sistematik olaraq, həm ölkə çempionatında, həm də Avrokubokda yüksək nəticə qazanan komanda formalaşdırmaq niyyətindəyik. İşimizə dəqiq yanaşırıq. Bilirik ki, ixtiyarımızdakı futbolçular nəyə qadirdilər və onlardan nəyi tələb etmək olar. Bundan sonra isə bizə necə futbolçuların lazım olduğunu müəyyənləşdirəcəyik.
- Son vaxtlar qollarını sıralayıb, özünü yaxşı tərəfdən göstərən Cavid Hüseynov barədə də fikirlərinizi bilmək maraqlı olardı...
- Komandanın digər üzvləri kimi, bu futbolçunu da çox istəyirəm. Cavid Hüseynova hörmətlə yanaşıram. Çox şadam ki, hazırda yüksək səviyyədə çıxış edir. Amma... Səbəbini Cavidə də demişəm, sizə də deyirəm. O, öz potensialından hələ tam istifadə edə bilmir. Ümid edirəm ki, birlikdə elə addım atacağıq ki, Cavid daha yüksək səviyyəli oyunçuya çevriləcək.
- Özünüz Azərbaycan futboluna tam uyğunlaşa bilmisizmi?
- Futbol hər yerdə futboldu. Sadəcə, hər ölkənin futbolunun özəllikləri var. Azərbaycan, Fransa və ya İngiltərə futbolu arasında təbii ki, fərq olmalıdı. Çünki hərəsinin öz mədəniyyəti, adən-ənənəsi, mentaliteti var. Və təbii ki, hər bir insana getdiyi ölkənin futbolunu dərk etməsi üçün müəyyən vaxt lazımdı. Məhz bu proses də adaptasiya prosesi adlanır. Uyğunlaşmaq üçün ağlagəlməz qədər vaxta ehtiyac olmadı. Futbolda bütün əsas məqamlar, yanaşmalar, prinsiplər eynidi, dəyişilməzdi.
- Təcrübəli məşqçi kimi, Azərbaycan çempionatının səviyyəsi sizi qane edirmi?
- Fikrimdə yanılmadım. Azərbaycana gəlməmişdən qabaq hansı fikirdəydimsə, indi də eyni fikirdə qalıram. “Qəbələ” ilə hələ müqavilə imzalamamışdan öncə çempionatla yaxından maraqlanmışdım. Onda da demişdim ki, Azərbaycan Premyer Liqasının səviyyəsi yaxşıdı. Artıq bir müddətdi ki, ölkənizdə çalışıram. Yenə həmin fikirdə qalıram.
- Yenidən Ukraynada çalışsanız, hansı azərbaycanlı futbolçuları yanınıza aparardınız?
- Azərbaycanda elə futbolçular var ki, onların səviyyələri başqa çempionatlarda da çıxış etməyə imkan verir. Adlarını açıqlaya bilmərəm (gülür). Çünki bu, mən tərəfdən düzgün yanaşma olmaz. Sadəcə, onu deyə bilərəm ki, elə futbolçular, həqiqətən, var.
Tengiz MƏMMƏDOV