[b]Roman Qriqorçuk üçün “Qarabağ”la matçın dəyəri[/b]
11.05.2016 - 10:30
[b]Roman Qriqorçuk üçün “Qarabağ”la matçın dəyəri[/b]

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasında yubiley qeyd edəcək. Apasport.az saytının məlumatına görə, 51 yaşlı mütəxəssis Azərbaycan çempionatında baş məşqçi kimi 50-ci matçını keçirəcək.

 

2015-ci ilin əvvəlindən “Qəbələ”nin “sükanı arxası”na keçən ukraynalı çalışdırıcı ötən mövsümün ikinci yarısındakı 16 qarşılaşmada əyalət klubuna başçılıq edir. Cari mövsümün arxada qalan hissəsində 33 görüşdə “qırmızı-qaralar”ı meydana çıxaran Qriqorçuk “Qarabağ”la bugünkü qarşılaşma öncəsi 49-a çatıb.

 

XXXIV turun “Əlincə Arena”dakı görüşündə 50-ni qeyd edəcək ukraynalı əvvəlki 49 matçın 25-də qələbə sevinci yaşayıb. Onun yetirmələri 13 heç-heçə edib və 11 məğlubiyyət alıblar. Futbolçuları onu 68 qolla sevindiribsə, 37 buraxılan topla məyus ediblər.

 

Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” matçı saat 19:00-da başlayacaq.