[b]Romanın Əsgər romanı[/b]
07.03.2016 - 11:00
[b]Romanın Əsgər romanı[/b]

Ölkə çempionatının XXIV turunun mərkəzi qarşılaşması “Qarabağ” – “Zirə” matçı hesab olunsa da, ən maraqlı görüş “Neftçi” və “Qəbələ” arasında keçirildi. Apasport.az saytının məlumatına görə, Suraxanıda liderin aşkar üstünlüyü müşahidə olunduğu halda, 8-ci km qəsəbəsində iki fərqli hissəyə şahidlik etdik.

 

Həftəiçi keçirilən kubok görüşündə “Neftçi” prinsipial rəqibi “Xəzər Lənkəran”a uduzmuş, “Qəbələ” isə səfərdə “Zirə”yə qalib gəlmişdi. Qısası, komandalarda oyunöncəsi fərqli ab-hava hökm sürürdü. Postu laxlayan Əsgər Abdullayevə qələbə daha çox lazım idi…

 

 

Anyete “qol orucu”nu pozdu

 

Dumanın fasilələrlə müşahidə etdiyi matça istəkli və aqressiv başlayan “Neftçi” oldu. İlk hissəni üstün keçirən “ağ-qaralar” fasiləyə kimi rəqibi əks-hücumda yaxalaya bildilər. Topu uzaq küncə ustalıqla göndərən Anyete, nəhayət, “qol orucu”nu sona çatdırdı. İlk hissədə “Neftçi” fərqi artıra da bilərdi. Lakin ev sahibləri ələ düşən imkanlardan maksimum yararlana bilmədilər.

 

 

Qriqorçukun müdaxiləsi və növbəti hakim “quş”u

 

Fasilədə baş məşqçilərin, xüsusilə “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçukun hansı taktiki dəyişikliyə və əvəzetməyə əl atacağı maraq doğururdu. Ukraynalı məşqçi zədədən yeni qayıdan və 45 dəqiqə ərzində heç nə ilə yadda qalmayan bacanağı – Aleksey Antonovu az-az şans verdiyi Asif Məmmədovla əvəzlədi. Asif yarımmüdafiənin cinahına keçdiyindən, Zenyov hücumun sivri ucunda çıxış etməyə başladı. Bu dəyişiklik, eləcə də Qriqorçukun fasilədəki tapşırıqları oyunun axarını dəyişdi. Belə ki, ikinci hissə qonaqların aşkar üstünlüyü şəraitində keçdi. 52-ci dəqiqədə tablodakı rəqəmlər eyniləşdi. Lakin Rafael Santosun topu qapıdan keçirdiyi epizodun əvvəlində Dodonun ofsaydda olması hakimlərin diqqətindən yayındı və bu, cari mövsümdə buraxılan “quş”ların sırasına əlavə olundu.  

 

 

Əsgərin özünəməxsus cavab həmləsi

 

Sonrakı dəqiqələrdə “Qəbələ” təzyiqi bir qədər də artırdı. “Neftçi” fasilədən sonra ara-sıra hücumlar həyata keçirsə də, üstünlük “qırmızı-qaralar”ın tərəfində idi. Epizodların birində Asifin zərbəsini dəf edən “Neftçi”nin qapıçısı Aqil Məmmədov az sonra məhz həmsoyadının ötürməsindən sonra Dodonun qol vurmaq arzusunu əla reaksiya ilə ürəyində qoydu.

 

İkinci qolu axtaran Qriqorçuk 77-ci dəqiqədə Sergey Zenyovun yerinə meydana Rəşad Eyyubovu buraxdı. Əsgər Abdullayevin cavab həmləsi isə özünəməxsus oldu. İkinci qolu buraxmaqdan qorxan Abdullayev cəmi 1 dəqiqə sonra hücumçu Anyeteni müdafiəçi Melli ilə əvəzlədi. Sanki az sonra braziliyalı müdafiəçi Filyonun qırmızı vərəqə alacağını hiss edibmiş kimi… Yeri gəlmişkən, həmin epizodda Filyo futbolçu kimi yox, qaydasız döyüşçü kimi davrandı. Elvin Camalovu az qala o dünyalıq edən braziliyalı qırmızı vərəqəyə artıqlaması ilə layiq idi.

 

 

Azarkeşlərin istefa tələbi

 

Hesab hələ 1:1 olarkən, “Neftçi”nin çıxışından narazı olan azarkeşlər Əsgər Abdullayevi, həmçinin Müşahidə Şurasını istefaya səslədilər. Dəqiqələr keçdikcə “istefa” şüarları güclənməyə başladı. Abdullayevin oyundan sonra postunu tərk edəcəyi artıq böyük ölçüdə bilinirdi. Amma buna qədər “Neftçi”yə daha bir zərbə dəyəcəkdi.

 

 

Qələbə qolunun müəllifi - Qriqorçuk

 

Abdullayev bəh-bəhlə geri qaytarılan Nikolas Kanalesə debüt şansı vermədiyi halda, “Qəbələ” nəyin bahasına olursa-olsun, qələbə qolunu vurmaq istəyirdi. Gedişat qonaqların bunun öhdəsindən gələcəyini deməyə əsas verirdi. “Qəbələ” istəyinə 90 dəqiqənin tamamında çatdı. Bu qolda Qriqorçukun imzası oldu. Bəli, bəli, Qriqorçukun. Onun ikinci hissədə meydana buraxdığı 2 futbolçu “Qəbələ”ni qələbəyə daşıdı. Belə ki, Rikardinyonun ötürməsindən sonra hücumun davamında Rəşad Eyyubov toru silkələdi. Qolda “Neftçi”nin qapıçısı Aqil Məmmədovun da “xidməti” oldu.

 

 

Gözlənilən sonluq

 

Matçın bitməsi ilə Əsgər Abdullayevin növbəti “Neftçi” karyerası da bitdi. Öncə “duman, salamat qal” deyərək “dumanla sağollaşan” məşqçi daha sonra postu ilə vidalaşdı.

 

Oyundan sonra keçirilən mətbuat konfransına öncə Qriqorçuk çıxsa da, Abdullayevin gəlişini gözləyənlər daha çox idi. Onun istefa verdiyi konfrans otağına daxil olmasından hiss olundu. Çarəsiz, tükənmiş, sakit halda istefa verdiyini açıqladı. “Neftçi”nin problemlərindən və qalan məsələlərdən isə danışmaq istəmədi...

 

Beləliklə, daha bir Əsgər romanı bitdi. Özü də bu romanı bitirən əsl Roman oldu...

 

Tengiz MƏMMƏDOV