Portuqaliya yığması Konfederasiyalar Kubokunun bürünc medal uğrunda görüşünə ciddi itki ilə çıxacaq. Apasport.az saytı “Marca” nəşrinə istinadən xəbər verir ki, pireneylilərin kapitanı Kriştianu Ronaldo bu görüşdə iştirak etməyəcək.
Buna səbəb Ronaldonun surroqat-anadan dünyaya gələn əkiz övladlarını görmək istəyidi. Superulduz iyunun 8-də doğulan Eve və Mateunu hələ görmədiyindən, millinin məşqçilər korpusundan icazə istəyib. Portuqaliya yığmasının çalışdırıcısı Fernandu Santoş isə Ronaldonun xahişini müsbət cavablandırıb.
Bu səbəbdən Kriştianu 3-cü yerin sahibini müəyyənləşdirmək üçün iyulun 2-də keçiriləcək matçı buraxacaq.
Qeyd edək ki, Portuqaliya yığmasının bürünc medal uğrunda görüşdəki rəqibi bu gün baş tutacaq Almaniya – Meksika görüşündən sonra müəyyənləşəcək.