[b]Ronaldo, Robben, Prosineçki...[/b]
01.02.2016 - 12:02
[b]Ronaldo, Robben, Prosineçki...[/b]

İspaniya mətbuatı zədə ucbatından istedadını tam nümayiş etdirə bilməyən futbolçularla bağlı maraqlı yazı hazırlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin də adı var.

 

İspan həmkarlarımız Lionel Messi və Kriştianu Ronaldonun dahi futbolçu olmalarını onların fiziki hazırlığının yüksək olması və zədələnməmələri ilə əlaqələndirib. Lakin La Liqada çıxış etmiş elə oyunçular olub ki, onlara da böyük ümidlər bəslənilib.

 

Braziliyalı sabiq hücumçu Ronaldonun adı xüsusi vurğulanıb. İspanların fikrincə, karyerası ərzində həm “Real”, həm də “Barselona”da oynamış “Yekədiş” ağır zədələr almasaydı, futbol tarixinin ən güclüləri arasında yuxarı pillələrdə göstərilərdi.

 

Həmkarlarımız onunla yanaşı, Fernando Redondo, həmçinin hazırda karyerasını davam etdirən Aryen Robben, Tiaqo Alkantara və Tomas Vermalenin də zədələr ucbatından potensialını tam aça bilmədiyini düşünürlər.

 

Həm “Real”, həm də “Barselona”nın formasını geyinmiş Robert Prosineçkinin 1996-cı ildən etibarən karyerasında enişin yaranmasının səbəbi də ağır zədələr alması olub. İspanların fikrincə, Prosineçki zədələnməsəydi, Xorvatiya futbol tarixinin ən güclü futbolçusu da ola bilərdi.

 

Qeyd edək ki, Robert Prosineçki 1991-1994-cü illərdə “Real”, 1995-1996-cı illərdə isə “Barselona”da çıxış edib. Xorvatiya yığmasının heyətində 49 oyunda 10 qol vurmuş sabiq yarımmüdafiəçi 2014-cü ildən Azərbaycan yığmasını çalışdırır.