“Real”da baş məşqçi Zinəddin Zidanla hücumçu Kriştianu Ronaldo arasında gərginlik getdikcə artır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb portuqaliyalının “Las Palmas”la qarşılaşmada əvəzlənməsidi.
La Liqanın VI turu çərçivəsində keçirilən görüşün 72-ci dəqiqəsində komanda 2:1 hesabı ilə öndə olarkən baş məşqçi Ronaldonun yerinə Lukası mübarizəyə qoşub. Ehtiyat oyunçular skamyasına deyinə-deyinə gedən ulduz futbolçunun fransız mütəxəssisi söydüyü bildirilir. Belə ki, Ronaldo kənarda oturduğu zaman “fahişə oğlu” deyərkən “yaxalanıb”. Onun bu sözləri məhz Zidana ünvanladığı söylənilir.
Zidan isə oyundan sonra bu addımını belə əsaslandırıb: “Ronaldo niyə narazıdı? Çünki 90 dəqiqə meydanda qalmaq istəyir. Onun oyunundan razı qaldım. Ancaq çox sıx təqvimdə çıxış edirik və bizi qarşıda Çempionlar Liqası çərçivəsində Dortmund “Borussiya”sı ilə matç gözləyir. Bu üzdən dəyişiklik etməli idim. İstənilən futbolçu narazı qala bilər. Amma bir baş məşqçi kimi bu barədə söz sahibi mənəm”.
Qeyd edək ki, “Las Palmas” son dəqiqələrdə vurduğu qol sayəsində “Real”la (2:2) heç-heçə etməyi bacarmışdı.