[b]"Kolumbiyaya turist kimi getməyəcəyik" - MÜSAHİBƏ[/b]
13.04.2016 - 00:01
[b]"Kolumbiyaya turist kimi getməyəcəyik" - MÜSAHİBƏ[/b]

Dünya çempionatının pley-off mərhələsinin cavab oyununda Hollandiya ilə qarşılaşan millimiz 4:4 hesablı heç-heçəyə baxmayaraq, iki oyunun yekununda tarixində ilk dəfə mundiala vəsiqə qazanıb. Oyundan sonra yığmamızın qapıçısı Rövşən Hüseynli apasport.az saytının suallarını cavablandırıb:

 

- Oyunla bağlı təəssüratlarınızı bilmək istərdik?

- Bilirdik ki, cavab oyunu asan olmayacaq. Səfərdə qələbə qazanmışdıq. Ordakı matçın nəticəsi işimizin əlli faizini gördüyümüzə işarə idi. Təbii ki, istəyirdik azarkeşlərimizə vəsiqəni qələbə ilə hədiyyə edək.

 

- Cavab oyununu çətinləşdirən məqamlar hansılar idi?

- Hər dəfə hesabda önə keçirdik. Üstəlik rəqib meydanında 5 top vurmuşduq. Bütün bunlar müəyyən qədər arxayınlıq yaradırdı. Əsas odur ki, rəqibə hesabda bizi qabaqlamağa imkan vermədik.

 

- Zalı dolduran azarkeşlər fərqli qələbə gözləyirdi...

- Biz özümüz də qələbə qazanmaq üçün mübarizə apardıq. Oyunu izləyənlər də gördü ki, bunun üçün çalışdıq. Amma neynəmək olar?! Bu günü heç-heçə ilə başa vurduq.

 

- Qələbə qazana bilmədiyinizə görə məyusluq varmı?

- Əlbəttə, tariximizdə ilk dəfə belə bir uğur qazanmışıq. İstərdik bu uğuru qalib kimi təqdim edək. Bunu edə bilmədiyimizə görə, az da olsa, məyusluq var idi. Yəni bu qədər azarkeş üçün qələbə qazanmalı idik. Ümumi götürdükdə, məqsəd mundiala yollanmaq idi. Biz də qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bildik.

 

- Səhvlər nədən qaynaqlanırdı?

- Səhvlər və arxayınlıq sözünü dedi. Müdafiədə aqressiv oynamadıq. Səfərdə qazanılan qələbə də təsirsiz ötüşmədi. Üst-üstə gəldikdə, səbəblər aydın olur.

 

- Dünya çempionatında nəyə ümid etmək olar?

- Kolumbiyaya turist kimi getməyəcəyik. Qarşıda xeyli vaxt var. Yaxşı hazırlaşacağıq. Çalışacağıq ki, debütant olsaq belə, yaxşı nəticələr qazanaq. Həm püşkdən də çox şey asılıdı.

 

- Heyəti gücləndirməyə ehtiyac varmı?

- Bu haqda mənim danışmağım düzgün olmazdı. Rəhbərliyin verəcəyi qərardı. Vaxt var, necə olacağını qarşıdakı günlərdə görəcəyik.

0