Azərbaycan Premyer Liqasının XIX turunun “Kəpəz” – “Neftçi” oyununda zədələnən Ruslan Abışovun zədəsi o qədər də ciddi deyil. Bu barədə apasport.az saytına futbolçunun meneceri Sərxan Abışov məlumat verib.
Menecer bildirib ki, Ruslanla əlaqə saxlayıb və yarımmüdafiəçi ona xəsarətin ciddi olmadığını deyib. Əzələsi dartılan futbolçu ehtiyat üçün oyunu yarımçıq saxlayıb.
İlkin ehtimallara görə, futbolçu tezliklə ümumi komanda ilə məşqlərə başlayacaq və növbəti oyunda meydanda olacaq.
Komandanın mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov isə hələlik dəqiq bir şey deməyin mümkün olmadığını, oyunçunun sabah tibbi müayinədən keçəcəyini, bundan sonra qərar veriləcəyini bildirib.