[b]Ruslan Qurbanov: Hələ heç nə bitməyib[/b]
03.04.2015 - 09:00
[b]Ruslan Qurbanov: Hələ heç nə bitməyib[/b]

“Azərbaycan millisində fantastik ab-hava var. Bunu Malta ilə oyunda da hiss etdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın “Hayduk” klubunun və yığma komandamızın futbolçusu Ruslan Qurbanov deyib.

 

Xorvat mətbuatına danışan hücumameyilli yarımmüdafiəçi milli və Robert Prosineçki ilə bağlı maraqlı fikirlər səsləndirib: “Seçmə mərhələyə pis başladıq. Prosineçkinin gəlişindən sonra ilk oyun Maltaya qarşı idi və biz onun debütünün uğurlu olmasına çalışmalıydıq. Nəticədən hamımız razı qaldıq. Hər şey əla idi. Prosineçki Foqtsdan fərqli olaraq, hücum futbolunun tərəfdarıdı. Onun bu dəyişikliyi hamı tərəfindən yaxşı qarşılandı”.

 

Qurbanov Prosineçki ilə münasibətinin yaxşı olduğunu qeyd edib: “Matçdan sonra baş məşqçi məni təbrik etdi. Çıxışımdan razı qaldığını dedi. Bir də məni izlədiyini, “Hayduk”da daha yaxşı oyun göstərməli olduğumu əlavə etdi. Prosineçki futbolçularla çox ünsiyyət qurur. Bu, müsbət haldı”.

 

24 yaşlı futbolçu cari seçmə mərhələdə sona qədər mübarizə aparacaqlarını vurğulayıb: “Seçmə mərhələnin əvvəlində məqsəd qrupda 3-cü yeri tutmaq və pley-offa yüksəlmək idi. Ancaq uğursuz start etdik, ardıcıl 4 oyunda məğlub olduq. Bu gedişatdan sonra Maltaya qalib gəlmək bizim üçün böyük önəm daşıyırdı. Sona qədər mübarizə aparacağıq. Hələ heç nə bitməyib. Amma indidən oyunumuzu inkişaf etdirib, növbəti seçmə mərhələyə daha hazırlıqlı olmalıyıq”.