“Hazırda Azərbaycandayam. “Neftçi” komandası ilə birlikdə məşqlərdə iştirak edirəm, baxışdayam”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanın gənclər yığmasının hücumçusu Akif Həsənov deyib.
Qazaxıstanın “Şaxtyor” klubunun əvəzedici komandasının sabiq futbolçusu “Neftçi”nin təlim-məşq toplanışında iştirak edir. Qazaxıstan mətbuatına müsahibə verən gənc oyunçu paytaxt klubunda qalmaq istədiyini bildirib: “Azərbaycanın gənclər yığmasına çağırıldıqdan sonra menecerim dedi ki, bu ölkədən təkliflər gəlib. Mən də onların içindən “Neftçi”ni seçdim. “Neftçi” hazırda mövsümün ikinci yarısına hazırlaşır. Artıq bir neçə məşqdə iştirak etmişəm. Çalışıram özümü doğruldum”.
Həsənov Azərbaycanın U-19 millisinə çağırıldığı zaman “Neftçi”yə qarşı oynadığını da söyləyib: “Nikolay Adamın vaxtında iki dəfə Azərbaycanın U-19 millisinə çağırılmışam. Həmin vaxt “Neftçi” və “Rəvan” kimi komandalarla yoxlama görüşündə iştirak etmişəm. Həmin oyunlarda qol vursam da, sonradan seçmə mərhələ matçlarına çağırılmamışdım”.