Çempionlar Liqasında keçiriləcək “Qarabağ” – “Viktoriya” qarşılaşmasında Ağdam klubunun üç futbolçusu avrokuboklarda yubiley qeyd edəcək. Apasport.az saytının məlumatına görə, İbrahim Şehiç 30-cu, Riçard Almeyda 35-ci, Rəşad Sadıqov isə 75-ci dəfə qitə miqyaslı klub turnirində iştirak edə bilər.
Bunun üçün həmin oyunçuların meydana çıxması vacibdi. Ən çox avrokubok matçı keçirən azərbaycanlı futbolçu ünvanının sahibi olan Sadıqov indiyədək 74 matçda 5 dəfə fərqlənib. O, Çempionlar Liqasında 17, Avropa Liqasında 47, İntertoto kubokunda 3 dəfə iştirak edib. Müdafiəçimiz buna 3 klubda - “Neftçi”, “Qarabağ” və “Kayserispor”da nail olub.
34 oyunda 7 qol sevinci yaşayan Almeyda Çempionlar Liqasında 11, Avropa Liqasında 23 matça çıxıb. Rəşaddan fərqli, o, bütün matçlarını “Qarabağ”da keçirib.
İbrahim Şehiç 29 qarşılaşmadan 13-nü Çempionlar Liqası, 16-nı Avropa Liqasında keçirib. Avrokubok matçlarındakı görüşlərin 27-ni “Qarabağ”da keçirən qolkiper Bosniya və Herseqovinanın “Jelezniçar” klubunda da oynayıb.