Premyer Liqanın XXI turunda AZAL-ı qəbul edən “Kəpəz” 1:1-ə "okey" verdi. Bununla bərabər, Şahin Diniyevin qalibiyyətsiz oyunlar seriyası 8 matça çatdı. Belə ki, sonuncu dəfə ötən ilin noyabrında XIII tur çərçivəsində “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən "Kəpəz" ondan sonra 7 qarşılaşmada 3 xalın nə olduğunu bilməyib.
“Qəbələ” (1:2), “İnter” (1:4), “Zirə” (0:1), “Sumqayıt” (1:3), “Qarabağ” (0:1), “Neftçi” (0:0) və “Qəbələ” (1:1) ilə matçlarda qələbə üzü görməyən komanda həsrətini ən azı, daha 1 tur uzatmış oldu.
Diniyev özünü özünə yer tapmamış kimi göstərir. Ah-vay edir, futbolçularını uşaq səhvləri buraxmaqda qınayır, qələbəni öz əlləri ilə AZAL-a verdiklərini söyləyir.
Sitat: “Acınacaqlı şəkildə xal itkisinə məruz qaldıq. Demək olar ki, 90 dəqiqə üstünlüyümüzlə keçən oyunda müdafiəçilərin məsuliyyətsizliyindən, uşaq səhvindən qol buraxdıq. Kimisə tək günahlandırmıram, komanda olaraq yaxşı mübarizə aparmadıq.
Meydançanın belə olması kombinasiyalı futbol oynamağa, daha çox ötürmələr etməyə imkan vermirdi. Uzun ötürmələr hesabına cərimə meydançasına daxil olmaq mümkün olurdu. Bundan AZAL istifadə edə bildi. Əfsus ki, biz ikinci qolu vura bilmədik. Öz əlimizdə olan oyunu verdik. Nə qədər çətin olsa da, bunu da yaşamalıyıq. Futbolun sevinci olduğu kimi, kədəri də var. Nəsə demək çox çətindi. Futbolçularımız öz əlləri ilə oyunu rəqibə hədiyyə etdilər”.
Diniyev bu sözlərlə öz-özünü ifşa edib, əslində! AZAL-a qalib gələ bilməmək futbolçuların günahıdısa, bundan əvvəlki məğlubiyyətlər də baş məşqçinin öz günahı ucbatındandı – deməyindən belə çıxır. Şahin bəyi ekran qarşısına ötürən olsa, futbol haqda elə fəlsəfi, bəlağətli, gəlişigözəl ifadələr seçər, mat-məəttəl qalarıq. Sözləri muncuq kimi düzüb-qoşacaq, kəlam aləminin qapısını təpiklə açacaq.
Nəzəriyyədə Vaqif Sadıqovu Araz qırağının sahilinə susuz aparıb, susuz gətirər. Gəl ki, "döyüşü əsgərlər qazanır, generallar uduzur" təcrübəsinin futbolda da keçərli olmasını unudur, özünü bilməməzliyə vurur.
Statistikayla maraqlanmayanlar düşünə bilər ki, "Kəpəz" həmişə AZAL-ı udub, Diniyev də buna təəssüflənir indi. "Ayıb" kəlməsinin mənasını anlasaydı, mən dünənə aid rəqəmləri print edib, ona hədiyyə göndərərdim.
"Kəpəz" ötən mövsüm bundan daha yaxşı heyətə malik idi, amma Şüvəlanda qapısından 3 cavabsız top buraxdı. Diniyevin AFFA-ya aldırdığı 5 legionerdən 1-nin aylıq maaşı AZAL-ın bütün əcnəbilərinin 30 günlük qazancından daha yüksəkdi və bu vəziyyətdə qalib gəlməyi bacarmırlarsa, özünü suçlu elan etməlidi.
Uğursuz seriyası 8-ə çatan komandanın çalışdırıcısı bu gün danışmağa söz tapırsa, bu, artıq onun başqa "keyfiyyət"indən xəbər verir.
Sportinfo.az