Qətərlə yoldaşlıq görüşündə 2:1 hesablı qələbə qazanan millimizin qapıçısı Səlahət Ağayevin apasport.az saytına müsahibəsi
- Oyunla bağlı nələri qeyd etmək olar?
- Rəqib zəif komanda deyildi. Eyni səviyyəli iki komandanın qarşılaşması oldu. Oyuna yaxşı başlasaq da, fasiləyə qədər qol vurulmadı. İkinci hissədə hesabı açdıq, təəssüf ki, tez də qol buraxdıq. Amma qələbə topunu vurmağa nail olduq. İkinci hissədə daha əzmkar mübarizə apardıq. Yenə deyirəm, Qətərin zəif rəqib olduğunu demək, düzgün deyil. Baş məşqçimiz də qeyd edib ki, rəqib futbol oynamağı bacardığını meydanda göstərdi. Oyunun gedişi, axarı da bu qənaətə gəlməyə əsas verir.
- Buraxılan qolda qapıçının səhvi var idi?
- Cinahdan ötürmə oldu. Rəqib futbolçu cərimə meydançasına daxil olub, ötürmə etdi. Müdafiəçilərimizdən hansısa rəqibi gözdən qaçırdı. Rəqib də bu fürsəti dəyərləndirdi.
- Bu oyun Almaniya ilə matçöncəsi komandamıza nə qazandırdı?
- Qələbə qazananda komandamızda inam artır, ruh yüksəkliyi olur. Qazanılan qələbənin də bu kimi faydası olacaq. Almaniya ilə oyundan əvvəl bu nəticə bizim üçün vacib idi.
- Robert Prosineçki bu oyunda həm də Almaniya ilə matçda istifadə edəcəyi taktiki sxemi yoxlamağa çalışdı. Rəsmi oyunda hansısa yeniliyin şahidi olacağıqmı?
- Baş məşqçinin adından danışa bilmərəm. Taktiki planda hansısa ciddi dəyişiklik yox idi. Əvvəlki oyunlarda necə çıxış edirdiksə, bu dəfə də həmin sistemlə oynadıq.
- Uzun fasilədən sonra millinin qapısı sizə həvalə edildi. Özünüzü “milli çərçivə”də necə hiss edirdiniz?
- İlk dəfə deyil ki, millinin qapısını qoruyuram. Komanda yoldaşlarımın əksəriyyəti ilə bir yerdə oynamışıq. Bir-birimizi yaxşı tanıyırıq. Çalışdım ki, öz mövqeyimdə komandama kömək edim.
- “İnter”lə bağlı nə deyə bilərsiniz? Komandanın qeyri-sabit oyunu nədən qaynaqlanır?
- “İnter” həmişə sabit oyunu ilə seçilib. Forma tapa bilməyən vaxtlarda qələbələr qazanırdıq, amma heç kim bizdən hal-əhval soruşmurdu. Lakin bir oyunda uduzan kimi başlayırlar ki, qəsdən uduzmusuz. Komanda oyununda hər cür nəticə qeydə alınır.
- Sanki ruh düşkünlüyü var...
- Ruh düşkünlüyü ola bilər. Komanda 2 aydı maaş ala bilmir. Bu gün, sabah deyirlər, ortada bir şey yoxdu. Bunun təsirini dana bilmərəm.
- “Qəbələ” ilə oyunda buraxdığın qollardan sonra qınaq hədəfinə çevrildiniz.
- Danışırlar. Futboldu, yaxşı oynadığın kimi, səhvə də yol verirsən. Əvvəlki oyunlarda da olub ki, çıxışda səhvə yol vermişəm, topu tuta bilməmişəm, rəqib qol vurub. Öz adımdan deyirəm, oyunu bilə-bilə rəqibə verəcək şərəfsiz yoxdu.
- Bəlkə komandada beləsi var?
- İnanmıram. Bu, mümkün deyil. Neçə ildi bir yerdə oynayırıq, hamısını tanıyıram. Heç kimin yerinə and içə bilməsəm də, şərəfsizlik edəcək birini tanımıram. Uşaqlar əziyyət çəkir, aramızda bunu itirəcək insanın olmayacağına inanmıram.
- Klubun növbəti mövsümdə də fəaliyyətini davam etdirəcəyinin cari çempionatdakı nəticədən çox asılı olduğu deyilir.
- AFFA maliyyələşdirir komandanı. Onlar klubun fəaliyyətini davam etdirəcəyini deyiblər. Əlbəttə, yüksək yerlərdən birini tutsaq, klubun maddi imkanları daha geniş ola bilər. Demək olar, 3-cü yeri tutmaq şansımız böyükdü. Bunu reallaşdırmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Ölkə kubokunda da çıxışımızı davam etdiririk. O “cəbhə”də də uğur qazana bilərik.