Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qəbələ”nin qonağı olacaq “İnter” bu gün son məşqinə çıxacaq. Apasport.az saytının məlumatına görə, bakılılar doğma arenada hazırlıq keçdikdən sonra saat 15:00-da Qəbələyə yola düşəcəklər.
Baş məşqçi Zaur Svanadze şimal zonasında komandasına məşq keçməyəcək. Oyunöncəsi heyətdə müəyyən problemlər var. Müdafiəçi Tərlan Quliyev ilk matçda sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşüb.
Bundan əlavə, qapıçı Səlahət Ağayev yenə meydana çıxmayacaq. Millimizin üzvü kollektivlə birlikdə məşqlərə başlasa da, məşqçilər korpusu onu riskə atmaq fikrində deyil. Belə ki, Svanadze Ağayevi Premyer Liqanın qarşıdakı turunda “Zirə” ilə keçiriləcək görüş üçün qorumaq qərarına gəlib. Bir müddətdi səhhəti ilə bağlı problem yaşayan müdafiəçi Abbas Hüseynov isə məşqlərə başlasa da, Qəbələdə iştirakı gözlənilmir.
Qeyd edək ki, sabah baş tutacaq “Qəbələ” – “İnter” görüşü saat 16:30-da start götürəcək. Bu komandalar arasında paytaxtda keçirilən ilk oyunda “qırmızı-qaralar” 3:1 hesablı qələbə qazanıblar.