Azərbaycan Premyer Liqasında sona 2 tur qalmış Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan “Neftçi” transfer çalışmalarına start verib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi yay fasiləsində ilk növbədə qapı xəttini gücləndirəcək.
Ötən yay transfer edilən Krşevan Santini ümidləri doğrultmayınca, onun müqaviləsinə xitam verən bakılılar mövsümün gedişində Boban Baykoviçi heyətə cəlb etmişdilər. Lakin zəif çıxışı ilə sələfindən heç də fərqlənməyən serbiyalı qolkiper də yola salınacaq.
Mayın sonunda müqavilə müddəti başa çatacaq Baykoviçlə yeni saziş bağlamaq fikrində olmayan “Neftçi” rəhbərliyi yeni qolkiperini artıq müəyyənləşdirib. Kamran Ağayevlə Səlahət Ağayev arasında seçim edən “ağ-qaralar” sonda üstünlüyü ikinciyə veriblər. Əldə etdiyimiz məlumata görə, “Neftçi” tərəfi bununla bağlı yığmamızın qolkiperi ilə danışıqlara start verib və görüş müsbət məcrada keçib.
Səlahət Ağayev özü də əməkdaşımızla söhbətdə “Neftçi”dən təklif aldığını gizlətməyib. Ancaq o, hər hansı bir anlaşmanın olmadığını sözlərinə əlavə edib: “Bəli, “Neftçi”dən təklif almışam. Aramızda görüş də olub. Amma “İnter”lə müqavilə müddətim davam edir və komandamın çempionatda hələ iki oyunu var. Bu üzdən “Neftçi” ilə danışıqları mövsüm başa çatdıqdan sonra davam etdirmək qərarına gəldim”.
Qeyd edək ki, 2008-2015-ci illərdə “İnter”də çıxış edən Səlahət Ağayev müxtəlif vaxtlarda MOİK və “Sumqayıt”da icarə əsasında çıxış edib. Cari mövsümün əvvəlindən yenidən “İnter”ə qayıdan 26 yaşlı qapıçı 2010-cu ildən Azərbaycan millisinə çağırılır.