[b]Sensasiya, istefa, yoxsa...?[/b]
10.10.2016 - 15:21
[b]Sensasiya, istefa, yoxsa...?[/b]

Sabah DÇ-2018-in seçmə mərhələsində Avropa zonasında III tura yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, C qrupunda mübarizə aparan Azərbaycan yığması tsikldə 3-cü sınağına çıxacaq.

 

Millimiz səfərdə Çexiya ilə görüşəcək.  Tarixində ilk dəfə mərhələyə 2 qələbə ilə başlayan komandamız uğurlu seriyasını davam etdirməyə çalışacaq.

 

Hazırda Almaniya ilə şərikli liderliyini sürdürən Robert Prosineçkinin yetirmələri bunun üçün 3 xal qazanmalıdı. Bundestimin Şimali İrlandiya ilə görüşdə xal itirmə ehtimalını nəzərə alsaq, komandamız vahid liderliyi də ələ keçirə bilər.

 

Keçirdiyi hər iki qarşılaşmada 1 qolla qələbə qazanan millimiz səfərdə də müdafiəsinin etibarlı oyununa bel bağlayacaq. San-Marino ilə səfər, Norveçlə ev matçlarında qol buraxmayan yığmamız yenidən qapısını toxunulmaz saxlamağa çalışacaq. Bu gerçəkləşsə, millimiz 3 seçmə oyununda qol buraxmamaqla, tarixinin rekordunu təkrarlayacaq.

 

Arxada qalan görüşlərdə cəmi 1 xal toplayan və qola həsrət qalan Çexiyanın durumu da yığmamızın lehinədi. Ən yaxşı günlərini yaşamayan rəqib Almaniyadan 3 cavabsız qol buraxandan sonra psixoloji baxımdan da yaxşı durumda deyil.

 

Çexiyadakı qələbə sensasiya sayıla biləcək qədər gözlənilməz olsa da, lakin mümkünsüz deyil. Yığmamız bunu da bacarsa tarixinin daha bir rekordunu təkrarlayacaq. Belə ki, komandamız indiyədək bir tsikldə ən yaxşı halda 9 xal toplayıb. AÇ-2014-dəki bu nəticə 10 qarşılaşmadan sonra mümkün olmuşdusa, indi 3 turun ardından həmin nəticə əldə edilə bilər.

 

7 il əvvəl yoxlama xarakterli beynəlxalq turnirdə 2:0 hesabı ilə məğlub etdiyimiz çexiyalılarla ilk seçmə oyunu həm də klublarımızın revanşını almaq baxımından prinsipialdı. Cari mövsüm “Qarabağ”ı Çempionlar Liqasından məhz bu ölkənin təmsilçisi “Viktoriya” kənarlaşdırıb. Yığmadakı təmsilçisi sayında lider olan Ağdam klubunun üzvləri üçün də çexlər həmin vaxtdan yaxşı tanışdı. Klub səviyyəsində heç vaxt yenmədiyimiz rəqib üzərində qələbə əks düşərgədə baş məşqçi istefasına da səbəb ola bilər. Çünki ilk 3 oyunda 1 xalın toplanmasının Karel Yarolimin kreslosunun laxlaması ilə nəticələnəcək.

 

Qeyd edək ki, Ostravanın “Vitkovitse” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

 

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, C qrupu

III tur, 11 oktyabr

22:45. Çexiya – Azərbaycan

Baş hakim: Matey Yuq
Baş hakimin köməkçiləri: Tomaş Klançnik, Manuel Vidali

Dördüncü hakim: Mitya Jqaneç (hamısı Sloveniya)
Hakim-inspektor: Manuel Diaz Veqa (İspaniya)
UEFA nümayəndəsi: George Kumas (Kipr)

Ostrava. “Vitkovitse” stadionu