“Qəbələ”nin futbolçusu Sergey Zenyov Estoniya millisinə çağırılıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçunun adı Baltikyanı ölkə təmsilçisinin bu gün açıqlanan heyətində yer alıb.
Belə ki, Estoniya yığmasının baş məşqçisi Martin Reym DÇ-2018-in seçmə mərhələsinin Belçika ilə səfər oyununda Zenyovu da sərəncamında görməyi lazım bilib.
Noyabrın 13-də Brüsseldə keçiriləcək matça dəvət alan hücumçu Topaz Premyer Liqasının noyabrın 6-dakı qarşılaşmasından sonra vətəninə yollanacaq. Həmin gün “Qəbələ” AZAL-ın qonağı olacaq.
Qeyd edək ki, Zenyov indiyədək yığmada 54 oyun keçirib, 10 qol vurub.