Uzun illər Azərbaycanın da tərkibində olduğu SSRİ-nin futbol yığmasının ilk ciddi uğuru – Melburn-1956-da qazanılan qızıl medalların əldə olunmasının 60 illik yubileyidi. Apasport.az saytının məlumatına görə, Olimpiya Oyunlarının iştirakçıları arasında hələ də sağ olan iki veterandan biri Aleksey Paramonov Rusiya mətbuatına geniş müsahibə verib.
Hazırda xəstəxanada olan qocaman futbolçu SSRİ idman təsərrüfatı və Melburn zəfəri haqda bir sıra maraqlı məqamları açıqlayıb.
“Bayrağını itirən hərbi hissə yenidən formalaşdırılmalıdı”
Paramonov Olimpiada öncəsi narahatçılıqdan danışıb: “İosif Stalin Yuqoslaviyanın lideri Tito ilə düşmən idi. O, bu üzdən də Helsinki-1952-nin 1/8 finalındakı məğlubiyyəti bağışlamadı və MOİK-i dağıtdı. Onun “Bayrağını itirən hərbi hissə yenidən formalaşdırılmalıdı” ifadəsi ilə millinin özəyini təşkil edən komanda fəaliyyətini dayandırdı və yalnız ölümündən sonra bərpa edildi. Həmin hadisəyə görə Melburnda da narahatçılıq var idi. Hətta Kremldə yarışa gedib-getməmək müzakirə olunurdu. Yenidən Yuqoslaviyaya uduzmaqdan çəkinirdilər”.
“Keçəl olması ilə bizi rüsvay edəcək”
Paramonov dövrün sərt qaydalarından da danışıb: “Stalindən sonra vəzifəyə gələn Nikita Xruşov futbola biganə idi. Melburndan sonra bizi qəbul edib, təbrik nitqi ilə kifayətləndi. Olimpiada üçün geyimimiz də sıradan idi. Ya vəsait yox idi, ya da zövqləri belə idi. Ölkə xaricinə yollanan hər kəsin namizədliyi MK-da (Mərkəzi Komitə) müzakirə olunurdu. Bizim yığmadan heç kimi saxlamamışdılar. Amma “Spartak”ın bir sol cinah müdafiəçisi var idi. Saçı tökülmüşdü. “Bu keçəl gedib bizi rüsvay edəcək” deyib, səfərə buraxmadılar.
SSRİ-nin Əsgər Abdullayevi və ya “bəlkə yenə güzgünü sındıraq”
Veteran qeyd edib ki, azərbaycanlı mütəxəssis Əsgər Abdullayev kimi əlamətlərə inananlar o vaxtlar da olub: “Otaq yoldaşım Salnikov üzünü qırxanda güzgünü sındırdı. Bu pis əlamət idi. Heç kimə demədik ki, ab-hava pozulmasın. Həmin qarşılaşmada qalib gəldik. İndoneziya ilə matçdan öncə “bəlkə yenə güzgünü sındıraq” deyib, bilərəkdən bunu etdik. Amma görüş heç-heçə bitdi. Bir daha güzgü sındırmadıq. Ümumiyyətlə, futbolçular əlamətlərə inanan idi. Mən çempionatı getrlər üçün eyni iplə keçirir, həmişə əvvəl sol ayağımı geyinirdim”.
“Cəmi 4 dollar”
Paramonov həmin dövrün gündəlik xərclik pulundan danışıb: “Melburnda bizi hər yerdən izolyasiya etmişdilər. Heç kimi buraxmırdılar. Orda yaşayan mühacirlərimiz 5-10 metrdən bizə baxır, yaxınlaşa bilmirdi. Onlar ancaq bizi aparan gəmini öpməklə kifayətlənirdi. Hərəmizə 120 dollar, yəni gündəlik 4 dollar vermişdilər. Mən qənaət edib, yoldaşıma ayaqqabı, anama köynək aldım. Həmin 120 dollar indikindən dəyərli olsa da, yenə də qəpik-quruş idi. İndoneziya ilə heç-heçədən sonra bizi istidə, qapılı otaqda hesabat verməyə məcbur etdilər”.
“Tapşırıqla qurulan heyət”
Veteran dövrün acı reallığından, heyətin MK-nın istəyi üzrə qurulmağından bəhs edib: “Həmin vaxt yalnız finalda oynayan 11 futbolçuya medal verirdilər. Həlledici qarşılaşma öncəsi baş məşqçimiz Qavril Kaçalin hücumda kimi oynadacağı üzərində baş sındırırdı. Sonda “yuxarıdan” gələn tapşırığa əməl etdi. Yüksək vəzifədə olan Anastas Mikoyanın oğlu futbol azarkeşi idi. O, atasına zəng edib, “heyətdə bir erməni var, o da oynamır” demişdi. Mikoyanın zəngi ilə finalda İsayev-Simonyan cütü oynadı. Onların eyni klubdan gəlib, anlaşmalarının yaxşı olmasını əsas gətirdilər. Ən yaxşı bombardiririmiz Eduard Streltsov isə nonsens kimi kənarda qaldı. Simonyan finaldan sonra qızıl medalı ona versə də, Edik imtina etdi. Melburn-1956-nın 50 illik yubileyində finalda oynamayanlara medal verilməsi üçün idman qurumlarının rəhbərlərinə müraciət etdim. Sonda əlavə 11 medal aldıq”.
“1 aya qət olunan yol”
Veteran Melburn Olimpiadasına gedib-gəlmək barədə də danışıb. O bildirib ki, geriyə 30 günə qayıdıblar: “Olimpiadaya Moskva-Daşkənd-Xabarovsk-Sinqapur-Darvin-Melburn marşrutu ilə uçduq. Ümumilikdə 20 saat havada olduq. Darvinə uçanda şimşək çaxırdı, hava elə idi ki, təyyarədə başımıza pis fikirlər gəlirdi. Hətta bizi elə atıb-tutdu ki, başımız baqajın aşağı hissəsinə çırpıldı. 4 nəfərlik otaqlarda məskunlaşmışdıq. Geriyə isə 30 günə qayıtdıq. 20 gün gəmi ilə Vladivostoka gəldik. Oradan Moskvaya 10 gün qatarla. Macarıstan istisna olmaqla bütün sosialist ölkələr bir gəmiyə minmişdi. SSRİ və Macarıstanın arası yox idi. Vaterpolçuların oyunu zamanı dava da düşmüşdü. Onlar təyyarə ilə dönmüşdülər”.
“Samoqon” dolu vedrə
Paramonov qatarın belə güc hərəkət etməsinə də aydınlıq gətirib: “Xalqın toplaşdığı yerlərdə dayanıb, olimpiyaçıları qarşılayanlarla görüşürdük. Onlar da hədiyyələr, suvenirlər verirdi. Dayanacaqların birində vaqona əlində bir vedrə “samoqon” olan qoca kişi daxil oldu. “Spartak”lılar hanı? “Qaz” hanı?” deyən ağsaqqal İqor Nettonu axtarırdı. O isə bu ləqəbə çox əsəbləşirdi. Yadımdadı, bir dəfə Qahirəyə getmişdik. Qəzetin 1-ci səhifəsində qaz başı ilə kollaj olan Nettonun şəkli. Onlar zarafata sevinsə də, Netto dəli olmuşdu. Qoca kişi isə vedrəni Nettoya uzadıb, “samoqon”u özünün hazırladığını bildirib. Vedrəni yavaş-yavaş qurutduq. Həmin qatarda bir dəfə o qədər içmişdim ki, məni əllərində apardılar”.
“Bir şüşə şərabı başıma çəkdim”
Veteran içkidən hansı hala düşdüyünü də xatırlayır: “Yeni ili qatarda qeyd edirdik. “Yolka” da qurmuşduq. Yaşin, Netto, Simonyan, mən və başqaları. Qərar gəldik ki, vaterpolçularımızı da ziyarət edək. Onlarla dostlaşmışdıq. Biz çempion olduğumuzdan 1-ci vaqonda idik, onlar isə 7-ci, ya 8-cidə. Onların yanına gedənədək az qala bütün qatarı keçməli idik. Hər vaqonda bizi saxlayırdılar: “O, futbolçular, həlin hərəyə bir qədəh içək”. Hər vaqonda içirdik. Üstəlik, vaqonlarda nümayəndə heyətinin müavinlərinin kupesinə də daxil olurduq. Vaterpolçulara çatanda “hazır” idik. Əlimdə də “777” adlanan qırmızı şərab var idi. Onu gəmidə “qapmışdım”. Necə oldusa bu şərab şüşəsini başıma çəkdim. İçdiyimi içdim, qalanını başıma boşaltdım. Üz-gözüm qızarmış, əyilmiş, qorxunc olmuşdu. Sonrasını xatırlamıram. Geriyə - 1-ci vaqona əllərində aparıblar. Arada ayaqqabım düşüb itmişdi. Gedib tapıb gətiriblər. Yalnız ertəsi gün ayıldım və bir qram da içmədim”.
“Kayutdan torba ilə şüşə çıxartdılar”
Olimpiya çempionu gəmidə yaşananları da gizlətməyib: “Ekvator xəttini keçəndə bizə bunu təsdiqləyən sənəd də verdilər. Həmin an gəmidəki hovuzun yanından keçəni ora atırdılar. Sonda bizə gürcü sərabı da verilər. Yol boyu pivə içir, kart oynayırdıq. Vladivostoka çatanda kayutlardan birindən torba ilə içki şüşəsi çıxartdılar. Tapşırığın öhdəsindən gəldiyimizdən bizə göz yumurdular. Valentin İvanov gələcək xanımı Lidiya ilə də həmin gəmidə tanış oldular və yeni ailə yarandı”.
“Yaşin uşaqlıqdan siqaret çəkirdi”
Sabiq futbolçu komanda yoldaşlarının siqaretə münasibətini də etiraf edib: ”Komandamızda yalnız Yaşin və Tişenko siqaret çəkirdi. Levə kim qadağa qoyacaqdı ki? Uşaqlıqdan çəkir. Baş məşqçimiz Kaçalin böyük hərflərlə yazılası insan idi. Heç vaxt səsini ucaltmazdı. Ən böyük söyüşü “yaramaz” idi. Olimpiya çempionluğu üçün hərəmizə 12 min rubl verdilər. Amma vergiləri çıxandan sonra təxminən 10 mini qaldı. Avtomobil 16 minə idi. Əvvəldən də bir az yığmışdım. Üstünü düzəldib aldım. Amma “Pobeda”nın qiyməti bir ayda 16 mindən 20-yə yüksəldi. Olimpiyaçılarımızdan yalnız dördü bu maşından aldı. Bizim üçün nazirliyə zəng vurub, növbədən kənar almağımız üçün şərait yaratdılar.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı