“Qəbələ”nin hücumçusu Daniel Subotiç zədələnib. Klubdan apasport.az saytına verilən məlumata görə, isveçrəli futbolçu bu səbəbdən komandasının dünənki məşqini sona qədər davam etdirə bilməyib.
Məşqin gedişində ayağında ağrı hiss edən Subotiç kollektivdən ayrılıb. Tibbi müayinədən sonra 28 yaşlı forvardın zədəsinin ciddi olmadığı aşkarlanıb. Bu isə o deməkdi ki, Subotiç ölkə çempionatının XXVI turu çərçivəsində “Kəpəz”lə Gəncədə keçiriləcək matça hazırdı. Bununla belə, baş məşqçi Roman Qriqorçukun yetirməsini riskə atmayacağı, onu ehtiyatda saxlayacağı da istisna edilmir.
Oyun gününə kimi Subotiçlə bağlı duruma konkret aydınlıq gələcək.
Qeyd edək ki, aprelin 16-da keçiriləcək “Kəpəz” – “Qəbələ” matçı saat 16:00-da start götürəcək.