[b]Şuker Prosineçkidən yazıb[/b]
07.04.2016 - 10:17
[b]Şuker Prosineçkidən yazıb[/b]

Xorvatiya yığmasının və Madrid “Real”ının yarımmüdafiəçisi Luka Modriçdən bəhs edən kitab işıq üzü görüb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Modriçin tərcümeyi-halına həsr olunan 208 səhifəlik kitabda Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki də yada salınıb.

 

“Luka Modriç – müharibənin oğlu” adlı kitabın ön sözünü Xorvatiya futbolunun canlı əfsanəsi Davor Şuker yazıb.

 

Hazırda yerli futbol federasiyasına prezidentlik edən Şuker öz dövründəki ulduzları da xatırlayıb: “Xorvatiya futbolu tarixində həmişə ağıllı, intellektual və texnikalı yarımmüdafiəçilər olub. Mən futbolçu karyeram ərzində 3 möhtəşəm orta sahə oyunçuları ilə çiyin-çiyinə çıxış etmişəm – Zvonimir Boban, Robert Prosineçki və Alyoşa Asanoviç. Modriç də Xorvatiya futboluna layiq simadı. Bilirəm ki, onun kumiri Bobandı. Hər ikisinin ortaq xüsusiyyətləri var – topa nəzarət etmək, driblinq qabiliyyəti, görmə bacarığı və yüksək texniki keyfiyyətlər. Modriç nadir istedada malik superulduzdu”.

 

Qeyd edək ki, 1994-2002-ci illər aralığında çiyin-çiyinə Xorvatiyanın əsas yığmasında çıxış etmiş Davor Şukerlə Robert Prosineçki 1998-ci ildə dünya çempionatının bürünc medalını qazanıblar. Onlar həmçinin 1987-ci ildə keçmiş Yuqoslaviyanın gənclər millisinin heyətində dünya çempionu, 1990-cı ildə isə Avropa çempionatının ikincisi olublar.