“Kubokda yarımfinala adladığımıza görə sevinirəm. Amma bir tərəfdən də pis oluram. Niyə? Çünki əsas “silah”ımızı itirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində dünən “Rəvan”a 3:0 hesabı ilə qalib gələn “İnter” adını yarımfinala yazdırıb.
Lakin bir məqam Svanadze və köməkçilərini, həmçinin paytaxt klubunun azarkeşlərini məyus edib. Söhbət “İnter”in kapitanı və aparıcı futbolçusu Nizami Hacıyevin zədələnməsindən gedir. Matçın əvvəlində xəsarət alan yarımmüdafiəçi 23-cü dəqiqədə yerini Vüqar Nadirova vermək məcburiyyətində qalıb.
Son vaxtlar yaxşı formada olan Nizaminin zədələnməsi Svanadzeni əməlli-başlı təşvişə salıb. O bildirib ki, Hacıyevin sıradan çıxması planlarına mənfi təsir edəcək: “Nizaminin zədələnməsi çox pis oldu. İdeal formada idi. Hər oyun komandanı arxasınca aparırdı, vacib qollar vururdu. Belə bir vaxtda xəsarət alması heç yerinə düşmədi”.
Hacıyevin hansı müddətə sıradan çıxdığına MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçdikdən sonra aydınlıq gələcək.
Svanadzenin sözlərinə görə, Nizaminin zədəsinin ciddi olmaq ehtimalı daha yüksəkdi: “Bizə nə qədər kömək edə bilməyəcəyi hələ bəlli deyil. MRT-dən keçməsi lazımdı. Bunu etdikdən sonra zədəsinə aydınlıq gələcək. Bizim ehtimallara görə, zədəsi ciddidi. Bir daha deyirəm, belə olmasını heç istəmərdik”.
Qeyd edək ki, Nizami Hacıyev Azərbaycan çempionatının və ölkə kubokunun cari mövsümündə ümumilikdə 23 oyunda 5 qola imza atıb.
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib