“Neftçi”nin sabiq vitse-prezidenti, keçmiş referi Tahir Süleymanovun apasport.az saytına müsahibəsi
- Ölkə kubokunun yarımfinal mərhələsinin “Neftçi” – “Qəbələ” oyunundakı hakim idarəçiliyi əsas müzakirə mövzusuna çevrilib. Aleksey Qayın yerdə qaldığı epizodda referi Əliyar Ağayev penalti təyin etmək əvəzinə, simulyasiya düşünərək, ukraynalıya sarı vərəqə göstərdi...
- Əslində, həmin epizoda peşəkar hakim yanaşmasına ehtiyac görmürəm. “Bakcell Arena”nın 1000-2000 metr hündürlüyündən təyyarə uçurdusa, illüminatordan adi sərnişin də o epizodu görüb, penalti kimi dəyərləndirərdi. Çünki yüz faiz 11 metrlik cərimə zərbəsi idi. Epizod qırmızı vərəqəlik deyildi. Çünki Qay Aqil Məmmədovu keçərkən, qapı istiqamətinə yox, bir qədər sol tərəfə meyl etdi. Amma penalti və sarı vərəqə var idi.
- Həmin anda Əliyar Ağayevin epizodu görmə bucağı yaxşı idi. Belə məqamda FİFA referisinin bu cür səhv etməsinə nə ad qoymaq olar?
- Mən 1 oyun və ya 1 epizod barədə fikir bildirmək istəmirəm. Bu, illərboyu davam edir və görmə bucağı yaşıl meydanda yox, başqa yerdədi. “Neftçi” – “Qəbələ” matçının hakim-inspektoru kim idi? Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov. Bunlar səhv deyil, illərdi davam edən məsələlərdi. Çox təəssüf ki, artıq növbə Əliyar Ağayevə çatıb. O, perspektivli hakimlərimizdən biridi. Sadəcə, Əliyar və digər hakimlərimiz çıxılmaz vəziyyət qarşısında qalırlar.
- Deməli, növbəti “qurban”ın Əliyar Ağayev olduğunu düşünürsüz?
- Birmənalı. Elə bu səbəbdən məsələyə 1 oyun baxımından yanaşmağın tərəfdarı deyiləm. Bu hadisələr 10 il, 5 il qabaq da baş verib, indi də davam edir. 1992-ci ildə AFFA yaranandan indiyə qədər minimum 50 faiz dövrdə, hətta hakimlik dönəmində belə, Xaqani Məmmədov Hakimlər Komitəsinə rəhbərlik edib. Məsələnin kökünə gedib çıxmaq lazımdı. Dünən hansısa hakim idi, bu gün Əliyar Ağayevdi, sabah başqası olacaq və bunu səhv adı ilə qələmə verəcəklər. Əslində, belə deyil.
- Matçdan sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk sərt şəkildə etirazını bildirdi, cari mövsümdə 15 xallarının hakimlər tərəfindən “oğurlandığını” bildirdi. Razısız ki, belə hallar sponsorları futboldan soyudur?
- Qriqorçuku son oyunlarda özüm də tənqid etmişəm. Dünənki açıqlamasında isə yüz faiz haqlıdı. Klub olaraq, “Qəbələ” rəhbərliyi komanda üçün istənilən şəraiti yaradıb. Amma mən sözümü təkcə “Qəbələ”yə yox, bütün klublarımıza aid edirəm. Klub rəhbərliyi məşqçisini də, futbolçusunu da müdafiə etməyi bacarmalıdı. Klublar bu işə bir qədər loyal münasibət göstərəndə, “hakim də səhv edə bilər” deyərək, başqa prizmadan yanaşanda sonu belə olur. O klub ki, özünü müdafiə edə bilir, ondan 5-10 faiz çəkinirlər, bu tip hallar meydanda baş vermir və yaxud baş versə də, qarşısını ala bilirlər. Mən “Qəbələ” rəhbərliyinə komanda üçün yaratdıqları şəraitə görə təşəkkürümü bildirməklə yanaşı, tövsiyə edirəm ki, haqlarını müdafiə etsinlər. Son məqamda da nə baş verəcək? Qeyd etdiyiniz kimi, sponsorlar bu işdən soyuyurlar, özü də böhran dövründə. Bu da futbolun tənəzzülünə apara bilər. Yəni, məsələyə kompleks şəkildə yanaşmaq lazımdı. Təkcə Əliyar Ağayev baxımından yox. İllərdi “qurbanlar” verilir, amma eyni insanlar elə öz yerlərində qalıblar.
- Bəlkə bu cür önəmli oyunlara xaricdən hakim dəvət edilsin?
- Mən əvvəl də bu fikrə dəstək vermişəm. Amma Azərbaycan hakimlik məktəbi güclü olub, bu gün də bacarıqlı, gənc hakimlərimiz var. Sadəcə, bu, dırnaqarası sistem dağılmalıdı. İnandırım sizi, o sistem dağılandan sonra Azərbaycan futbolunda 1 faiz də olsun qərəzdən, bu tip hallardan söhbət getməyəcək. Müvəqqəti çıxış yolu kimi, xaricdən hakim dəvət olunsa belə, bu, məsələnin həlli yolu deyil. Çünki xüsusi bir sistem yaradılıb və hakimlər də o sistemin alətinə çevriliblər.
- Bəs çıxış yolunu nədə görürsüz?
- İlk növbədə, qanuna söykənən addımlar atılmalıdı. Problem kökündən araşdırmalıdı. Əliyar Ağayev bu oyunda nə qədər biabırçı, özünə yaraşmayan qərarlar verdisə, əmin olun ki, buna məcburdu. Eləcə də digər hakimlər. İstənilən hakimin başqa yolu yoxdu, əks təqdirdə, o, meydana çıxmayacaq. Buna görə deyirəm ki, bu sistem kökündən dağıdılmalıdı. İndiki hakimlərin bəxti gətirib ki, 90-cı illərdə meydana çıxmayıblar. İndiki klublar Roman Qriqorçukun dediyi kimi, ancaq mədəni üsyan edirlər ki, biz artıq bacarmırıq. Meydanda haqq-ədalət qorunmalıdı. Sabah çıxıb deyəcəklər ki, “Atletiko” – “Barselona” oyununda da səhv olub, bütün hakimlər səhv edə bilər. Amma mən bütün Azərbaycana bəyan edirəm ki, bizim meydanlarla hakimlərin etdikləri səhv deyil.
Tengiz MƏMMƏDOV