Serbiya "Mladost"unu 5:0-la keçən "İnter" bu axşam saat 20:00-da 3-cü mərhələyə vəsiqənin taleyini Bakıda həll etmək üçün "Dalğa Arena"ya çıxacaq. Lüksemburq deyəndə həvəskar futbolçulara avrokubok tariximizdə rekord sayda qol vurmaq arzusu yaranır (hər ehtimala qarşı deyim ki, bunun üçün 6 qol vurmaq bəsdi).
Əslində rəqib kağız üzərində göründüyü kimi zəif deyil! Moldova "Milsami"sini evdə məğlub edən, səfərdə isə qollu bərabərliyə nail olan Jeff Ştrasserin yetirmələri "İnter"ə kifayət qədər problem yarada bilər. Bu ad-soyad futbol həvəskarlarına yaxşı tanışdı. Bəli, bu həmin Jeff Ştrasserdi ki, futbolçu kimi "Mets"də, "Strasbur"da, "Kayzerslautern"də, Mönhenqladbax "Borussiya"sında illər keçirib. Hazırda gənc mütəxəssis Eş şəhərini təmsil edən klubu çalışdırır.
Lüksemburq millisinin tarixinə ən çox oyun keçirən futbolçu kimi düşən Ştrasser "Fola"nın tarixinə də adını yazdırmağı bacarıb. Baş məşqçisi olduğu klub "Milsami" zəfəri ilə avrokuboklarda ilk dəfə mərhələ keçib. Heç şübhəsiz ki, bu məqam "İnter"in əleyhinədi. Çünki tarixi uğurdan ruhlanan qonaqların psixoloji durumu çox yüksəkdi və onlar daha bir zəfər qazanmaq niyətindədi.
"Həvəskar" olaraq düşündüyümüz komandanın 19 yaşlı müdafiəçisi Enes Mahmutoviçi mayın sonunda "Midlsbro" transfer edib. Mövsümdə ən çox qol vuran iki yarımmüdafiəçi də komandadan gedib - 19 oyunda 13 qola imza atan Emmanuel Fransuaz artıq yeni klubunun - "Proqress"in "Reyncers" üzərində səs-küylü qələbəsində iştirak edib. Aktivində 9 qol olan 22 yaşlı portuqaliyalı sol “vinger” Gerson Rodriges isə hələlik sərbəst agentdi.
Bu itkilərə baxmayaraq, "Fola" əsas bombardiri - mərakeşli Samir Hacını qoruya bilib. Komandanı tərk edən futbolçuların yerinə isə kifayət qədər sanballı transferlər edib ki, Belçika "Muskron"undan alınan Sorentin Koçuru xüsusi qeyd etmək olar.
"Midlsbro"ya gedən Mahmutoviçin əvəzinə alınan Peter Krappa "İnter" azarkeşlərinə çox yaxşı tanışdı. 2011-12 mövsümündə Bakı klubunun şərəfini qorumuş slovakiyalı mərkəz müdafiəçisi keçmiş komandasına qarşı xüsusi canfəşanlıq göstərəcək. "Fola"nın digər mərkəz müdafiəçisi və kapitanı Yulien Kleyn də komandanın aparıcı futbolçularındandı. Eyni sözləri bir zamanlar "Xəzər Lənkəran"ın şərəfini qorumuş dayaq yarımmüdafiəçisi Veldin Muharemoviç haqda da demək olar. Təcrübəli bosniyalıya həm müdafiə olunmağa, həm də hücum etməyə kömək edəcək Yakob Dallevedov "Fola"nın ən təhlükəli oyunçularındandı. Təsadüfi deyil ki, 10 nömrəni daşıyan almaniyalı "Milsami" ilə hər iki oyunda qol vurmağı bacarıb. Komandanın bombardiri Samir Hacı da "Milsami" ilə matçda adını tabloya yazdırıb. Ümumiyyətlə, 1,90 m boyu olan mərkəz hücumçusu "Fola"da keçirdiyi 143 oyunda 78 qol vurmağı bacarıb və Zaur Svanadze əbəs yerə ondan çəkinmir.
Göründüyü kimi, lüksemburqlular təsəvvür etdiyimiz qədər zəif deyil. Bukmekerlərin "İnter"in qələbə və mərhələ keçmə şanslarını fantastik dərəcədə yüksək dəyərləndirməsinin səbəbi isə çox güman ki, "Mladost" üzərində inamlı qələbə və avrokubok təcrübəsi olan, oturuşmuş heyətdi. Ümid edək ki, bukmekerlərin proqnozları tam doğrulacaq. Bukmekerlər "İnter"i "Qarabağ"dan daha şanslı sayır. Belə çıxır ki, "İnter" 5:0 hesablı qələbə qazananan "Qarabağ"dan daha böyükhesablı uğur əldə edəcək. Sıxıntı içində olan "İnter"in ən azı maddi baxımdan, ölkəmizin isə reytinqinə görə hər iki görüşdə qələbəyə ehtiyacı var. Amma Rauf Əliyev və yoldaşlarının 6-7, bəlkə də, daha çox qol vurmaları fantastik görünür. Hərçənd, bukmekerlər "İnter"in bu gün "Fola"nı darmadağın edəcəyini düşünür. Onu da qeyd edim ki, indiyəcən avrokuboklarda ən böyükhesablı qələbəmizi Estoniyada "Trans Narva"nı 5:0 məğlub edən "İnter" qazanmışdı. Dünən "Qarabağ" Svanadzenin komandasının rekorduna şərik çıxdı.
Bu gün isə söz "İnter"indi!
Anar ŞABANOĞLU