“Türkiyə millisində oynaya bilməyəcək bir futbolçunun Azərbaycan yığmasına göndərilməsini dəstəkləyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər Türkiyənin tanınmış idman yazarı Uğur Mələkəyə məxsusdu.
Türkiyə Superliqasının XX turunda keçirilən “Bursaspor” – “Fənərbaxça” (1:1) matçı ilə bağlı köşə yazan Mələkə birincilərin hücumçusu Dəniz Yılmazla bağlı fikrini də vurğulayıb. O, yazısında Azərbaycan millisinin üzvünü Türkiyənin ən güclü hücumçularından biri hesab etdiyini qeyd edib: “Dəniz kimi bir futbolçunun necə əldən buraxıldığını başa düşə bilmirəm. Bu ölkədə Dəniz kimi neçə hücumçu var ki? O, hazırda Cenk Tosun və Burak Yılmazdan sonra ən yaxşı mərkəz hücumçusudu”.
Qeyd edək ki, Dəniz Yılmaz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində ötən il Şimali İrlandiya ilə qarşılaşmada (0:4) millimizin heyətində debüt edib.