[b]Təxirə salınmış derbidə önə çıxanlar[/b]
13.04.2016 - 00:06
[b]Təxirə salınmış derbidə önə çıxanlar[/b]

Bu gün Türkiyə Superliqasında XXVI turdan təxirə salınmış “Qalatasaray” – “Fənərbaxça” matçı baş tutacaq. Apasport.az saytının məlumatına görə, 107 illik rəqabətdə komandalar 382-ci dəfə qarşı-qarşıya gələcəklər.

 

Dünyanın ən gərgin qarşılaşmaları arasında göstərilən İstanbul derbisində önə çıxan məqamları təqdim edirik.

 

- İki klub ilk dəfə 17 yanvar 1909-cu ildə qarşılaşıb. Bu matçda “sarı qırmızılılar” meydandan 2:0 hesablı qələbə ilə ayrılıblar.

 

- Bu günə kimi “Fənərbağça” və “Qalatasaray” ümumilikdə 382 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmalarda “Fənər” 150 dəfə meydandan qalib ayrılıb. “Qalatasaray” isə  126 oyunda sevinib. 106 matçda isə tarazlıq pozulmayıb. Bu matçlarda “sarı lacivərdlilər” 506 qol vurub, qapısında isə 456 qol görüb.

 

- Əzəli rəqabətdə ən çox meydana çıxan futbolçu “Qalatasaray”lı  Turqay Şeren olub. O, 56 oyunda komandasının şərəfini qoruyub. “Fənərbağça”nın heyətində isə Əsəd Kaner 49 matçda əzəli rəqiblərinə qarşı oynayıb.

 

- İstanbul derbisində bu günə kimi 962 qol vurulub. Ən çox qol vuran futbolçu “Fənərbağça”lı Zeki Rza Sporeldir. O, 29  dəfə “Qalatasaray”ın qapısına yol tapa bilib. Metin Oktay “Fənərbağça”nın qapısına 18 qol vuraraq derbilərdə ən çox qol vuran “Qalatasaray”lı futbolçu olub. Həm “Fənərbağça”nın, həm də “Qalatasaray”ın heyətində çıxış edən Tanju Çolak isə derbilərdə 22 qol vurub.

 

- Qitələrarası derbidə ən fərqli qalibiyyətlər 1911 və 2002-ci illərdə əldə edilib. Belə ki, 12 fevral 1911-ci ildə “Qalatasaray” “Fənərbağça”nı 7-0 hesabı ilə məğlub edib. 6 noyabr 2002-ci ildə isə “Fənərbağça” əzəli rəqibinə 6-0 hesabı ilə qalib gəlib.

 

- Türkiyə Superliqasında isə İstanbul klubları 117 dəfə üz-üzə gəlib. Bu matçların 48-də “sarı bülbüllər”, 33-də isə “cimbom” meydandan qələbə ilə ayrılıb.

 

- Komandalar sonuncu dəfə 25 oktyabr 2015-ci ildə qarşılaşıb. “Şükrü Saracoğlu” stadionunda keçirilən matç 1:1 hesabı ilə başa çatıb.

 

Çempionluq uğrunda “Beşiktaş”la mübarizə aparan “Fənərbağça” üçün ikiqat əhəmiyyətli olan bu matç bu axşam Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.