“Mən Tieqonu çoxdan tanıyıram. Bizim baba və nənələrimiz eyni küçədə yaşayırlar. Onu sonuncu dəfə 2 ay qabaq görmüşdüm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın sabiq futbolçusu Tieqo de Xesusun dostu, jurnalist Leonardo Barreto deyib.
Braziliyanın “Şapekoense” klubunun uğradığı təyyarə qəzası zamanı “hava gəmi”sində yer alan şəxslərdən biri də Tieqo de Xesus olub.
“Sambaçı”nın adı sağ qalan 5 nəfərin sırasında olmasa da, onun ölümü ilə bağlı ailə üzvlərinə xəbər verilməyib. Tieqonun ailəsi, yaxınları və dostları çarəsiz şəkildə rəsmi məlumat gözləyirlər.
Bununla bağlı Braziliya mətbuatına açıqlama verən Barreto hələ də dolğun informasiya almadıqlarını bildirib: “Qəza xəbərini səhər saat 5-in yarısında eşitdik. Verilən informasiyalar hələ də qənaətbəxş deyil. Tieqo karyerasının ən yaxşı dövrünü yaşayırdı. Komandaya istirahət veriləndə buraya, ailəsinin və dostlarının yanına gələcəkdi”.
Bu arada, Tieqo de Xesus “Santos”la danışıq aparırmış. Qismət olsaydı, yaxın günlərdə həmin klubla ilkin müqavilə imzalayacaqmış.
Sabiq “Xəzər Lənkəran”lının digər dostu Markos Kosta yerli mətbuata açıqlamasında Tieqonun ailəsinin durumunun çox pis olduğunu deyib: “Ailəsi çox məyusdu. Onlara hələ də rəsmi informasiya verilməyib. Yalnız mətbuatda yazılanları oxumaqla kifayətlənirlər”.
Tieqonun dostlarından biri mərhumun ailəsinin yanına “Xəzər Lənkəran”ın formasında gəlməsi diqqət çəkir. Görünür, Tieqo sabiq klubunun formasını vaxtilə dostuna hədiyyə edib.
Qəza ilə bağlı klubun vitse-prezidenti İvan Tozzo da fikirlərini bölüşüb: “Bu gün səhər çox qəmli xəbər aldıq. Heç vaxt gözləməzdik ki, başımıza belə hadisə gələcək. Çox böyük faciədi. Nə yaşadığımızı sözlə ifadə edə bilmirəm”.
Tieqo de Xesusla yanaşı, Azərbaycan çempionatında çıxış etmiş daha bir oyunçu, “İnter”in sabiq müdafiəçisi Filipe Maçado da qəzada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə “Şapekoense”nin Sudamerikana Kubokunun “Atletiko Nasional”la final qarşılaşması üçün Kolumbiyaya səfəri zamanı yaşanıb. Komandanı aparan “hava gəmisi” Braziliyadan Boliviyaya, ordan isə Kolumbiyaya getməli olub. Lakin Medellin Beynəlxalq Hava Limanına eniş edərkən qəzaya uğrayıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı