Topaz Premyer Liqasının XXVII turunda 4 futbolçu cəzalı duruma düşüb. Apasport.az saytının məlumatına görə, bu həftə baş tutacaq növbəti tura ən böyük itki ilə “Qəbələ” çıxacaq.
Əyalət klubu Ermin Zets və Ürfan Abbasovun xidmətindən məhrum olub. AZAL-la görüşdə alınan sarı vərəqə onların hər ikisi üçün 4-cü olub. Bu da “cütlüyün” “İnter”lə ev qarşılaşmasına yolunu bağlayıb.
“Kəpəz”in futbolçusu Budaq Nəsirov isə mövsümün antirekorduna imza atıb. O, hamıdan çox – 12-ci sarı vərəqəni alıb. “Zirə”ylə qarşılaşmada cəzalanan futbolçu mövsümdə 3-cü dəfə sarı vərəqə üzündən oyun buraxan ilk futbolçu olacaq. Budaq AZAL-la matçda iştirak etməyəcək.
“Sumqayıt”ın “Xəzər Lənkəran”la matçında qırmızı vərəqə alan Mikayıl Rəhimov “Zirə”ylə görüşdə forma geyinməyəcək.