Tuyqun Nadirov: Dənizli ilə Kurtarı bir sıraya qoymaq düzgün olmazdı - MÜSAHİBƏ
07.03.2014 - 19:27
Tuyqun Nadirov: Dənizli ilə Kurtarı bir sıraya qoymaq düzgün olmazdı - MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının XXV turunda “Rəvan”ın qonağı olacaqsınız. İki türkiyəli mütəxəssisin çalışdırdığı komandaların duelindən nə gözləyirsiniz?
- Komandada vəziyyət yaxşıdır. Zədəli futbolçulardan bəziləri sıraya dönüb. “Rəvan” da yaxşı komandadır. Onlar üst sıralarda qərarlaşan komandaların bəzilərindən xal almağı bacardılar. Rəqibin də baş məşqçisi türkiyəli müətəxəssisdir. Amma Mustafa Dənizli Türkiyənin ən güclü məşqçilərindən biridir. Bu iki mütəxəssisi bir sıraya qoymaq düzgün olmazdı.

- Son 3 oyunda 2 xal toplamısınız. Bu nə dərəcədə uğurlu göstəricidir?
- Bu cür yanaşmayın. Komandanın qış fasiləsindən sonrakı çıxışını analiz edin. Çempionat davam edir. Qış hazırlığından sonra qarşıya qoyulan məqsəd ilk “3-lüy”ə daxil olmaq və ölkə kubokunu qazanmaqdır. Qış fasiləsi zamanı bütün xətlərə transferlər olundu. Onların hər biri baş məşqçinin istəyi ilə komandaya dəvət edilib.

- İlk “3-lüy”ə daxil olmaq üçün “İnter” və “Bakı” ilə oyunlarda qələbə qazanmaq vacib idi. Amma “Xəzər Lənkəran” həmin görüşlərdə vacib xallar itirdi...
- Vacib olan komandanın öz oyununu tapmasıdır. Bu gün “Xəzər Lənkəran” ilk iki pillədə yer alan komandaları udub. Mustafa Dənizlinin gəlişindən əvvəlki dövrdə bu real görünmürdü. Artıq sabitlik yaranıb. Bizim üçün vacib olan budur. Avrokuboklara vəsiqə qazanıb, sözümüzü deyəcəyik.

- Qışda heyətə cəlb edilən qapıçı Vyekoslav Tomiçə hələ baş məşqçi şans verməyib. Onun intizamsızlıq etdiyinə görə heyətdən kənarlaşdırıldığı deyilirdi. Doğrudurmu?
- Elə şey ola bilməz. O, nizam-intizama daim əməl edir. Hazırlığı da yüksək səviyyədədir. Biz baş məşqçinin işinə qarışmırıq, belə fikrimiz də yoxdur. Bu klubumuzun iş prinsipidir. Baş məşqçi hansı futbolçunu məsləhət bilsə, onu da oynadacaq. Burada zədəli, yerli-legioner amili var. Nizam-intizamla bağlı problem yoxdur.

- Bəlkə yeni legionerlər adaptasiya dövrünü tam keçməyib?
- Gördüyünüz kimi, Tyeqo Jesusun gəlişi ilə müdafiə xəttimiz xeyli güclənib. Bu isə onların uyğunlaşma mərhələsini keçdiyini göstərir.

- Gələn həftə ölkə kubokunun 1/4 finalında “Araz Naxçıvanla” qarşılaşacaqsınız. Çempionatdakı durumunuzu nəzərə alsaq, kubok ön planda durur. Gücünüzü tamamilə bu “cəbhə”də uğur qazanmağa yönəldəcəyinizi demək olarmı?
- “Xəzər Lənkəran” üçün bütün oyunların əhəmiyyəti var. Hansı pillədə olmağımızdan asılı olmayaraq, rəqibimizi yenməyə çalışırıq. Buna görə də oyunları bölmək istəmirəm.

- Mustafa Dənizli özü kuboku qazanmaq istədiyini, bu “cəbhə”nin daha əhəmiyyətli olduğunu bildirib.
- Avrokuboklara çıxmaq istəyirik. Ancaq bu o demək deyil ki, çempionat oyunlarını boşa verməliyik. Çempionat oyunları zamanı elə oldu ki, son saniyələrdə toplar vurduq, xallar qazandıq, bir qismində isə əksinə, top buraxdıq, qələbəni əldən verdik. Həm çempionatda, həm də kubokda sona qədər mübarizə aparacağıq.

0