“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinin II turundakı oyununu idarə edəcək Marçin Borski 3-cü dəfə Azərbaycan komandasının görüşünə təyinat alıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 1-də Rusiyada keçiriləcək “Krasnodar” – “Qəbələ” görüşündə fit çalacaq polşalı ədalət təmsilçisi bir dəfə klub, bir dəfə isə yığma səviyyəsində komandamızın oyununu idarə edib.
O, 2007-ci ilin sentyabrın 8-də Azərbaycan və Yunanıstanın 21 yaşlılardan ibarət yığma komandalarının da oyununu idarə edib. Həmin qarşılaşmada millimiz 0:2 hesabı ilə uduzub. Bu matçda polşalı komandamıza 2, rəqibinə 3 sarı vərəqə göstərib.
2008-ci ilin iyunun 21-də isə polşalı Bakıya 2-ci səfərə gəlib. Bu dəfə “Neftçi” və Slovakiya “Nitra”sının İntertoto kubokundakı görüşündə ədaləti qoruyan referi yenə iki qol qeydə alıb. Amma bu dəfə sevinən təmsilçimiz olub – 2:0. Borski bakılıların 1, slovakiyalıların 3 üzvünü sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, 42 yaşlı Borski Polşa çempionatında 1999/2000 mövsümündə debüt edib. 2006-cı ildən FİFA dərəcəli hakimi olan polşalı UEFA-nın elit kateqoriyasına daxildi. O, Çempionlar Liqası və Avropa Liqasının qrup oyunlarına da təyinat alıb.