[b]UEFA-nın seçdikləri və azərbaycanlılar[/b]
07.03.2016 - 18:00
[b]UEFA-nın seçdikləri və azərbaycanlılar[/b]

“Qarabağ”ın 2010-cu ildə Avropa Liqasının təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Şimali İrlandiyanın “Portdaun” klubu 30 illik baş məşqçisi Ronni MakFolla yolları ayırıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin gedişindən sonra UEFA bir komandada uzun müddət çalışan məşqçilərlə bağlı yazı hazırlayıb.

 

Gi Ru (“Oser” 1961-2005)

Gi Ru qısa fasilələrlə 54 il “Oser”in baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda birinci liqaya yüksəlib, 1979-cu ildə Fransa Kubokunun finalına qədər irəliləyib, 1996-cı ildə isə ölkə çempionluğunu bayram edib. Bundan əlavə, Qi Ru 1992/93 mövsümündə “Oser”i UEFA Kubokunda yarımfinala qədər apara bilib.

 

Villi Meyli (“Seltik” 1897-1940)

43 il “Seltik”ə başçılıq etmiş Meyli bu müddətdə komandasına 16 dəfə ölkə çempionluğunu qazandırıb. Bundan əlavə, “Seltik” onun rəhbərliyi altında 14 dəfə Şotlandiya Kubokuna yiyələnib. Əvvəllər “Seltik”in oyunçusu olub. Meyli futbolçu kimi isə 9 il “Seltik”in şərəfini qoruyub.

 

Bill Strut (“Reynscers” 1920-1954)

1956-cı ildə dünyasını dəyişən Strut ölkəsinin ən güclü çalışdırıcılarından hesab olunub. Məşqçilik karyerası ərzində yalnız “Reyncers”ə başçılıq edən Bill Strut 34 il postunda qalıb. Bu müddət ərzində o, komandasına 18 dəfə ölkə çempionluğu, 10 dəfə isə ölkə kubokunu qazandırıb.

 

Ronni Makfoll (“Portdaun” 1986-2016)

Yazının girişində adını qeyd etdiyimiz Makfoll 1986-cı ildə “Portdaun”u çalışdırmağa başlayıb. Yeri gəlmişkən, onun təyinatından cəmi 1 ay sonra isə Aleks Ferqyuson “Mançester Yunayted”in “sükanı arxası”na keçib. 30 il postunda qalan Makfoll ötən il işi ilə vidalaşıb.

 

İqnasio Kereda (İspaniyanın qadınlardan ibarət yığması, 1988-2015)

“Real”ın sabiq yetirməsi Kereda 1988-ci ildən İspaniyanın qadınlardan ibarət millisinə başçılıq edirdi. Ötən ilin yayında isə postundan ayrılıb.

 

Aleks Ferqyuson (“Mançester Yunayted”, 1986-2013)

Dünyanın nəhəng klublarından birini, çətin ki, kimsə bu qədər müddətdə çalışdıra bilsin. Ser Aleks nə az, nə çox, düz 27 il “qırmızı-şeytanlar”ı “tərlədib”. Bu müddətdə 13 dəfə İngiltərə çempionluğuna sevinən Ferqyuson 2 dəfə Çempionlar Liqasının qalibi olub.

 

Mikki Evans (“Kayrsus” 1983-2007)

1983-2007-ci illərdə, yəni 24 il Uels klubu çalışdırmış Evans 2009-cu ildə postuna qaytarılıb. Evans indinin özündə də “Kayrsus”un “sükanı” arxasındadı.

 

Azərbaycanda da bir komandada uzun müddət çalışmış və çalışan məşqçilərə rast gəlmək mümkündü. Bu müddət 20-30 ili əhatə etməsə də, 10 il və onun civarındadı.

 

Qəhrəman Əliyev (“Viləş”, 1992-2001)

Çoxdandı gözə dəyməyən Qəhrəman Əliyev tarixin yaddaşına köçən “Viləş”i 9 il çalışdırıb. Bu müddətdə onun ən yaxşı göstəricisi bürünc medal olub.

 

Mehman Allahverdiyev (“Kəpəz”, 1993-2003)

Hazırda “Kəpəz”də icraçı direktor funksiyasını yerinə yetirən Mehman Allahverdiyev müxtəlif vaxtlarda Gəncə təmsilçisini çalışdırıb. Bu postda ən uzunmüddətli fəaliyyəti isə 1993-2003-cü illər aralığında olub. 10 illik müddətdə Allahverdiyev “Kəpəz”ə 3 dəfə ölkə çempionluğu, 4 dəfə isə ölkə kubokunu qazandırıb.

 

Qurban Qurbanov (“Qarabağ”, 2008-)

Məşqçilik fəaliyyətinə “Neftçi”də başlayan Qurban Qurbanov da uzun müddət bir komandada çalışanlardandı. Ancaq o, bu seriyaya “ağ-qaralar”da deyil, “Qarabağ”da imza atıb. 2008-ci ildə Ağdam klubunun “sükanı” arxasına keçən Qurbanov artıq 8 ildi ki, postundadı və hazırda da fəaliyyətini davam etdirir.