[b]UEFA “apasport”un iradını qəbul etdi[/b]
21.04.2016 - 11:34
[b]UEFA “apasport”un iradını qəbul etdi[/b]

UEFA Azərbaycan çempionatları tarixinin ən uzun qələbə seriyasını qeydə alıb. Apasport.az saytının məlumatına görə, 2 həftə öncə Avropa ölkələrinin çempionatlarında qeydə alınan və ən azı 15 qələbəni əhatə edən seriyaların siyahısını tərtib edən qitə futbol qurumu “Kəpəz”in nəticəsini nəzərə almamışdı.

 

1997/98 mövsümündə başlayan və 1998/99 mövsümündə başa çatan uğurlu seriya müddətində Gəncə təmsilçisi ardıcıl 22 qarşılaşmada 3 xal əldə etmişdi. Bu oyunlardan ikisi texniki qələbə olduğundan, seriya Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) qaydalarına əsasən 20, ümumilikdə 22 oyunluq hesab olunur. Həmin Azərbaycan rekordu UEFA-nın rəsmi saytındakı yazıda əks olunmasa da, artıq qurum bu boşluğu aradan qaldırmaqla, göstərici rəsmən tanınıb.

 

Bu, apasport.az saytının sayəsində gerçəkləşib. Belə ki, əməkdaşımızın müraciətindən sonra araşdırma aparan UEFA iradın haqlı olduğu qənaətinə gəlib və nəticədə “Kəpəz”in uğuru təsdiqlənib.

 

“Benfika”nın Portuqaliya çempionatındakı 29 qələbədən ibarət seriyasının Avropa rekordu olduğu siyahıda “Kəpəz”in hesabında 22 qalibiyyət var. Bu isə o deməkdi ki, İFFHS-dən fərqli, UEFA texniki qələbələri də nəzərə alır. Gəncə klubu bu nəticə ilə Avropada 7-ci pilləyə şərikdi.

 

Belə ki, PSV qitənin ən güclüsü olub, Çempionlar kubokunu və ölkə çempionluğunu qazandığı 1988-ci ildə ardıcıl 22 qələbə əldə etmişdi.

 

Xatırladaq ki, “Benfika”nın başçılıq etdiyi siyahıda Zaqreb “Dinamo”su (28), “Seltik” və Tirana “Dinamo”su (hər ikisi 25), “Srvena Zvezda” (24) və “Malmö” (23) də “Kəpəz”i qabaqlayır.