[b]Xaqani Məmmədov özünü necə biabır elədi?[/b]
02.12.2016 - 12:52
[b]Xaqani Məmmədov özünü necə biabır elədi?[/b]

Artıq 4-cü gündü Azərbaycan futbol ictimaiyyəti “Qarabağ” – “Qəbələ” matçının aurasından çıxa bilmir. Oyunun baş hakimi Rəhim Həsənov son dəqiqələrdə necə manevrlər eləmişdisə, nəinki nəticəyə, hətta turnir cədvəlinə də təsir göstərmişdi. Bununla, həm də “Qəbələ”nin çempionluq yoluna bir daş atdı.

 

Az qala bütün Azərbaycanda, hətta ölkənin hüdudlarından kənarda da Rəhim Həsənovun səhvlərinin müzakirə olunduğu bir vaxtda AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov “CBC Sport” televiziyasında verilişə çıxmaq üçün şir ürəyi yeməli idi. Amma çıxdı və həmişəki kimi, həm hakimini, həm də özünü biabır elədi. Bir kəlmə ilə “Hakim səhv etdi, “Qəbələ”dən üzr istəyirik” cümləsini deməmək üçün özünü ora-bura vurdu, utanmasaydı, Rəhim Həsənovu elə studiyadaca alqışlayar, hətta ora gətirib, alnından da öpərdi.

 

Komitə sədri hər yerdə oturub-durur, klublara “kitab oxuyun, maariflənin” deyir. Razıyam, klublarda futbol qaydalarını bilməyən kifayət qədər insan var. Amma balaca uşaq da penalti epizodundakı hakim səhvini o kitabı oxumadan deyə bilər. Bunu inkar edənin futbol biliyinə şübhə ilə yanaşmamaq mümkün deyil. Xaqani bəy özü də səhv olduğunu çox gözəl bilir. Sadəcə, olanı danmaq onda artıq vərdiş halını alıb. Yaxşısı budu, onun penaltiyə şərhini oxuyub, bir qədər gülün: “Hakim penaltini təyin edərkən nəyə əsaslanıb? Futbolçunun əli qeyri-təbii vəziyyətdə dayanıb. Əl yuxarıdadısa, istənilən halda penaltidi. Özünü topdan qorusa, dönə bilərdi. Əlinin köməyi ilə topu saxlayır. Top əli ilə başı arasında qalıb. Deməli, topun önünü kəsib. Bu, qayda pozuntusudu”.

 

Orda penaltilik bir şeyin olmadığını Xaqani müəllimin çox sevimli kitabına əsaslanaraq deyə bilərik və bunu lazımınca da əsaslandırarıq. Yaxın məsafə, əlin vəziyyəti, topun ilk olaraq hara dəyərək istiqamətini dəyişməsi, oyunun ağırlığı, epizodun dəqiqəsi kimi nüanslardan uzun-uzadı danışmağa ehtiyac yoxdu. Çünki, onsuz da, hamı 4 gündü başqa heç nədən danışmır. Sadəcə, hər hakim səhvindən sonra Məmmədovun gözündə “qatıq qaradı”.

 

Hə, Xaqani bəy onu da əlavə edib ki, “Qəbələ” bu il “Sumqayıt”, “Zirə” və AZAL-la oyunlarda hakim səhvindən xal qazanıb. Belə çıxır, bu hakimlər elə hər tur səhv etməklə məşğuldular. Bəs onda niyə həmin vaxt çıxıb müdafiə edirdiniz? Deyirsiniz ki, əl yuxarıdadısa, istənilən halda penaltidi. Azərbaycan çempionatında dəfələrlə top yuxarıda olan ələ dəyib və penalti verilməyib. Onda da çıxıb demisiniz ki, orda penaltilik bir şey yoxdu, “top əli tapdı”. Siz də arada boş vaxt tapanda əvvəlki açıqlamalarınızı gözdən keçirin, hansı epizoda hansı rəyi bildirdiyinizə baxın.

 

Rəhim Həsənov oyunu yüksək səviyyədə keçirmişdisə, səhv eləməmişdisə, niyə kubok oyunlarına təyinat almadı? Kadr genişliyi var? Bilmirsiz bütün hakimlərə necə imkan yaradasız? Kadrınız genişdisə, onda Rəhim Həsənov təkcə noyabr ayında niyə 10 oyuna təyinat almışdı? Burdan iki ehtimal ortaya çıxır: ya hakim yetişdirə bilmirsiz, ya da siz deyən kimi hakim çoxdu, sadəcə, qonorar iddiaları doğrudu. Biz birinciyə daha çox inanmaq istəyirik, çünki hakim çatışmazlığını təyinatlardan görürük. Ancaq siz “hakimimiz boldu” deməklə ikinci ehtimalın doğruluğunu qüvvətləndirirsiz.