[b]Yarımfinalın bir addımlığında[/b]
08.03.2016 - 01:58
[b]Yarımfinalın bir addımlığında[/b]

Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarımfinalçılar eyni gündə müəyyənləşəcək.

 

Günün ilk qarşılaşması “İnter Arena”da baş tutacaq. Səfərdə gözlənilmədən “Rəvan”a uduzan “İnter” məğlubiyyətin əvəzini doğma divarlar arasında çıxmağa çalışacaq. Zaur Svanadzenin yetirmələrini autsayderlə paytaxt derbisində 1:0 hesabı da qane edir. Çempionatda da mükafatçılar sırasına düşməyə iddialı olan “bankirlər” aşağı dəstəyə yuvarlanmamaq üçün mübarizə aparan rəqibini keçməsə, mərhələnin ən böyük sensasiyası ola bilər.

 

Eyni vaxtda başlayacaq digər iki oyunda isə yarımfinalçının adına böyük ölçüdə aydınlıq gəlib. Paytaxt derbisinin qalibi ilə qarşılaşması gözlənilən “Qarabağ”ı yalnız möcüzə dayandıra bilər. Belə ki, “Sumqayıt” yarışın son qalibini dayandırmaq üçün böyükhesablı qələbə qazanmalıdı. Düzdü, Samir Abasovun yetirmələri 2 cavabsız qolla da oyunu penaltilər seriyasına daşıya bilər. Lakin Qurban Qurbanovun yetirmələrinin buna imkan verəcəyi inandırıcı deyil.

 

Səfərdə “Zirə”ni 2:1 hesabı ilə məğlub edən “Qəbələ”nin yarımfinala yüksəlmək şansları yüksəkdi. Zədəli oyunçuların çoxluğundan əziyyət çəkən paytaxt təmsilçisi mərhələ adlamaq üçün ən azı 2 qol vurmalıdı. Premyer Liqada da 2-ci yer uğrunda mübarizə aparan komandalar 4 gündən sonra yenidən eyni məkanda üz-üzə gələcəyindən çempionat matçı barədə də düşünməlidi.

 

Sonuncu yarımfinalçı isə “Böyük oyun”da bəlli olacaq. Qəbələdəki matçda sevinən komanda “Neftçi” - “Xəzər Lənkəran” duelinin qalibi ilə qarşılaşacaq. Çempionatda tarixinin ən uğursuz dövrünü yaşayan iki komandanın ötən həftə Lənkəranda baş tutan oyununda meydan sahibləri qalib gəlmişdi. Bu üzdən Elbrus Məmmədəvun yetirmələri üstünlüyünü qorumağa, imkan daxilində artırmağa çalışacaq. Baş məşqçisi ilə vidalaşan “Neftçi”ni isə vacib matça Vəli Qasımov çıxarmalıdı. Bu postda debüt edəcək 48 yaşlı çalışdırıcı futbolçu kimi formasını geydiyi komandanı seriyasını davam etdirməyə daşımalıdı. Ardıcıl 4 il finalda oynayan “ağ-qaralar” mübarizəni dayandırsa, bu rekord seriyası ilə vidalaşacaq. Əyalət klubu isə 1 illik fasilədən sonra yenidən yarımfinalda oynamaqla gənclərlə də nəticə qazanmağın mümkünlüyünü sübut edəcək.

 

 

Azərbaycan kuboku

1/4 final, cavab oyunları

9 mart (çərşənbə)

14:00. “İnter” – “Rəvan”
“İnter Arena”

İlk oyun – 1:2

 

15:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu

İlk oyun – 2:1


15:00. “Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

İlk oyun – 0:2


17:30. “Neftçi” – “Xəzər Lənkəran”
8-ci km qəsəbə stadionu

İlk oyun – 2:3