[b]Yenə “Zirə” - AZAL oyununda[/b]
30.01.2017 - 15:18
[b]Yenə “Zirə” -  AZAL oyununda[/b]

Karyerasını Azərbaycan Premyer Liqasında davam etdirən futbolçular arasında rəqib qapıçıları ən çox cəzalandıran Rəşad Abdullayev qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, mövsümdə ilk dəfə fərqlənən AZAL-ın yarımmüdafiəçisi 315 gündən sonra qol vurub.

 

36 yaşlı futbolçu XV turun “Zirə” ilə səfər oyununda “təyyarəçilər”in təsəlli qolunu vurub. Komandası 1:2 hesabı ilə uduzan Abdullayevin sonuncu qolu da bu iki komanda arasında matça təsadüf etmişdi. Ötən il martın 20-də də rəqiblər Zirədə üz-üzə gəlmişdi.

 

Amma Rəşad həmin vaxt qonaq deyil, meydan sahiblərinin formasını geyinirdi. Onun qolu da 4:2 hesablı qələbədə rol oynamışdı.

 

Qeyd edək ki, bu top Abdullayevin Azərbaycan çempionatlarında 57-ci qoludu. Yarışın tarixinin ən məhsuldar oyunçuları sırasında 29-cu yerdə qərarlaşan yarımmüdafiəçi bu qolla Mahmud Qurbanov, Georgi Adamiya və Ramiz Məmmədovdan ibarət “üçlüy”ə yaxınlaşıb. Bu futbolçuların hesabında 61 qol var.