[b]Yenə yunan, yenə London klubu [/b]
11.09.2017 - 11:15
[b]Yenə yunan, yenə London klubu [/b]

Sabah start götürəcək Çempionlar Liqasının qrup mərhələsi “Qarabağ”ın qitənin ən mötəbər klub turnirindəki çıxışı ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, bu debüt yunan hakim Anastasios Sidiropulosun start fiti ilə gerçəkləşəcək.

 

“Çelsi” ilə Londondakı qarşılaşmanın referisi Ağdam təmsilçisi üçün tanış hakimdi. Çünki cəmi 2 il öncə də Sidiropulos “Qarabağ”ın qrup matçında fit çalıb.

 

Bu, 2015/16 mövsümündə Avropa Liqasının qrupunda baş verib. 38 yaşlı hakim ağdamlıların digər London klubu “Tottenhem”lə matçını idarə edib. Bakıdakı qarşılaşmada İngiltərə komandası 1:0 hesabı ilə qalib gəlib.

 

2015-ci il noyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə yunan referi iki sarı vərəqə göstərib. O, yalnız təmsilçimizin üzvləri – Riçard Almeyda və Qara Qarayevə xəbərdarlıq edib.

 

2011-ci ildən FİFA statusu daşıyan Sidiropulos qitə kuboklarında əsasən qrup matçlarına təyinat alır. Yığmaların seçmə oyunlarında da etimad qazanan yunan U-21-lərin AVRO-2015-nin yarımfinalını da idarə edib.