Belə bir deyim var: at ölüb, itin bayramıdı. Məsəli bizim futbolçulardan uzaq. Son vaxtlar hər yerindən duran, top-top oynayanlar özlərini ulduz futbolçu sayırlar.
Klublarda baş verən maliyyə problemi yağışdan sonra çıxan göbələk kimi, yeni gənclərin peyda olmasına yol açdı. Bunun futbolumuza nə kimi xeyrinin və ya ziyanının dəydiyini deyə bilmərəm. Bunu müzakirə etmək fikrim də yoxdu. Amma yeni üzə çıxan gənclər üçün bundan yaxşı şans ola bilməz. Onların vəzifəsi “aclıq” dönəmindən istifadə edib, özlərini meydanda göstərməkdi. Amma indiki gənclər, onsuz da, düz-əməlli səviyyəsi qalmayan çempionatda 10 dəqiqə meydana çıxmağı böyük hadisə sayırlar. Bu da onların futbolçu olmamış özlərini ulduz saymalarına, harınlamalarına yol açır.
Məcburiyyətdən belə “ulduz”ların əlində qalan “Xəzər Lənkəran”ın qapını göstərdiyi Elnur Cəfərovun gözü, sən demə, Avropanın böyük klublarındadı. Zarafat deyil, kişi o boyda Qurban Qurbanovun, son çempion olan “Qarabağ”ın yalvarışına məhəl qoymur. Azərbaycan çempionatı ona artıq dar gəlir. Tezliklə Avropaya yol alacaq Elnur hətta mətbuatı da saymır. Axı “Marca”ya, “La Gazetta Dello Sport”a müsahibə verməyə hazırlaşan biri üçün Azərbaycan mətbuatı nədi ki?
Klub axtarışında olduğu üçün futbolçu yerinə qoyub zəng vurduq ki, görək Cəfərov karyerası ilə bağlı nə düşünür? Amma aldığım cavab ona zəng etməyimə məni peşman etdi. Kişi deyir ki, mətbuat məni bezdirib, hamı zəng edib, eyni sualı verir ki, hansı komandaya keçəcəksən? Əziz həmkarlarım, Elnur onu yorduğumuzu düşünür. Onun hara keçəcəyi axı bizim nəyimizə lazımdı? Hə, onu da dedi ki, Avropaya gedəcəm, komandamın adı sizin üçün sürpriz olsun. Bunu eşidəndən həyəcan bürüyüb məni, yerimdə dayana bilmirəm ki, görəsən, torbadan “Real” çıxacaq, yoxsa “Barselona”?
Azərbaycanda indi Cəfərov kimilərinin sayı “n” qədərdi. Axı klublar pulsuzluq üzündən əcnəbi ala bilmirlər, belə “ulduz”lara möhtac qalıblar. Onlar da “Xəzər Lənkəran”, “Neftçi” kimi komandaların formasını geyindikləri üçün özlərini qaldırıb qoyublar dağın başına. Daha bilmirlər ki, bu komandalar iki il əvvəlki vəziyyətdə olsaydılar, Elnur və digər “ulduzlar” heç bazaya yaxın buraxılmazdılar.
Rəşad Sadıqov, Rəşad Abdullayev, Rəşad Sadiqov, eləcə də Mahmud Qurbanov, Aslan Kərimov, Arif Əsədov kimi yaxın keçmişin tanınmış simaları nə vaxt yaxınlaşsan, zəng vursan, cavab verməkdən boyun qaçırmırlar. Elnur Cəfərov, görəsən, onların çeçələ barmağının etdiyinin neçə faizini indiyə qədər görə bilib? Çətin ki, kimsə bu suala cavab versin...
Ruslan SADIQOV
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”