Sabah Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışa bu mərhələdən qatılan Azərbaycan çempionu “Qarabağ” mövsümdə ilk oyununu keçirəcək.
Ardıcıl 3-cü dəfə qitənin ən nüfuzlu klub turnirində çıxış edəcək Ağdam təmsilçisi Lüksemburqun “Düdelanj” klubu ilə görüşəcək. Qurban Qurbanovun yetirmələri bu ölkənin komandası ilə qarşılaşacaq ilk təmsilçimizdi.
Belə ki, avrokuboklardakı 22 illik çıxışlarımız tarixində heç vaxt lüksemburqlularla görüşməmişik. Rəqiblərimiz sırasında 44-cü ölkə kimi düşəcək Lüksemburq çempionunu keçmək “Qarabağ” üçün çətin olmamalıdı.
Son iki mövsümdə ilk səddi uğurla adlamağı bacaran ağdamlılar “Düdelanj”ı keçməklə pley-offda oynamağı təmin edəcək. Çünki III təsnifat mərhələsində qələbə Çempionlar Liqası, məğlubiyyət isə Avropa Liqasının pley-offuna yol açacaq. Ötən iki mövsümdə məhz sonuncu turnirin qrupuna düşən çempionumuz ən azı həmin qrafiki təkrarlamaq üçün lüksemburqluları mübarizədən kənarlaşdırmalıdı.
Amma əyalət klubu əvvəlki illərdə olduğu kimi yenə Avropa Liqası deyil, Çempionlar Liqasının qrupunda düşmək arzusundadı. Bunu gerçəkləşdirmək yolunda ilk addım da Bakıda atılmalıdı. Həm də “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionundakı matçda gələn həftə səfərdə keçiriləcək oyunöncəsi sərfəli nəticə əldə etməlidi. Son üç mövsümdə ilk rəqibinə uduzan 12 qat Lüksemburq çempionu sensasiya arzusunda olsa da, ağdamlılar duelin aşkar favoritidi. İsrailli hakimlərin idarə edəcəyi matç saat 21:00-da başlayacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun
12 iyul
21:00. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq)
Baş hakim: Orel Qrinfild
Baş hakimin köməkçiləri: Danni Krasikov, İdan Yarkoni Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)
Hakim-inspektor: Zdravko Yokiç (Serbiya)
UEFA nümayəndəsi: Vladimir Çorno (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu