Sabah DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə oyunlar start götürəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi tsikldə ilk matçına çıxacaq.
Yığmamız ilk turun matçını səfərdə keçirəcək. Robert Prosineçkinin yetirmələri San-Marino ilə qarşılaşacaq.
Dünyanın ən zəif yığmalarından birinə qarşı matçla millimiz tarixinin 12-ci seçmə mərhələsinə başlayacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələlərində böyük uğuru olmayan komandamız bu dəfə tsiklə böyük ümidlərlə başlayır.
Rusiya yığmasının sabiq futbolçuları Ramil Şeydayevlə Emin Mahmudovun milliləşməsindən sonra gücünə güc qatan komandamızın iddiaları da böyüyüb. Almaniyanın aşkar favorit olduğu qrupda 2-ci pilləyə iddialılar çox olduğundan millimiz də bu mübarizəyə qoşulmaq əzmindədi.
Çexiya, Şimali İrlandiya və Norveçin də 2-ci pillə ilə pley-offa yollanmaq arzusunda olduğunu nəzərə alsaq, millimizi xəyallarını gerçəkləşdirmək üçün çətin vəzifənin öhdəsindən gəlməlidi. Bu yolda ən asan “yem” isə San-Marinodu. Buna görə də millimiz Avropa yığmalarının “qapazaltı”sı olan “cırtdan ölkə” təmsilçisini itkisiz keçməyə borcludu.
Səfər matçında hətta böyükhesablı qələbəyə də ümid etmək olar. Çünki belə rəqiblə matçdakı qollar sonda turnir cədvəli baxımından həlledici də ola bilər.
İndiyədək heç vaxt tsiklə qələbəylə başlamayan yığmamız bu uğursuz sindromu da zəif rəqiblər matçda qırmalıdı. Çünki San-Marinoda heç-heçə belə uğursuzluq sayılacaq.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası
4 sentyabr
C qrupu
20:00. San-Marino – Azərbaycan
Baş hakim: Sebastyen Delferyer
Baş hakimin köməkçiləri: İv de Nev, Co de Veyrdt
Dördüncü hakim: Aleksandru Bukau (hamısı Belçika)
Hakim-inspektor: Emil Bojinovski (Makedoniya)
UEFA nümayəndəsi: Luka Zorzi(İsveçrə)
Serravalle. Milli stadion