Azərbaycan millisinin Qırğızıstanla yoldaşlıq oyunu komandamız üçün kapitanın qol vurması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, görüşdə hesabı açan Maksim Medvedev yığmanın 26 illik tarixinə qol sevinci yaşayan 5-ci kapitan kimi düşüb.
Millimizin 3:0 hesabı ilə qalib gəldiyi oyunadək yalnız 4 futbolçu kapitan kimi başladığı görüşdə rəqib qapısına yol tapmışdı. Həmin “dördlük” 13 dəfə fərqlənmişdi ki, Maksim 14-cü belə qolun müəllifi olub.
Ən məhsuldar kapitan Nazim Süleymanovdu. O, yığmada vurduğu 5 qolun hamısını qolunda sarğı olarkən rəqib qapısından keçirib. Millinin ilk kapitanı komandamızın 1992-ci il sentyabrın 17-də Gürcüstana qarşı səfərdə keçirilən debütündə dublla yadda qalıb. Bu, kapitanların yeganə dubludu.
Süleymanovdan sonrakı pillələrdə Qurban Qurbanovla Rəşad Sadıqov qərarlaşıb. Onlar hərəyə 3 dəfə belə qol vurub. Kapitan kimi qol sevinci yaşayan digər oyunçu Yunis Hüseynovdu. O, iki dəfə belə fərqlənməyi bacarıb.