19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sabah Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2-ci oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Bosniya və Herseqovina ilə Litvada baş tutacaq qarşılaşmanın hakimləri açıqlanıb.
V qrup çərçivəsində üz-üzə gələcək tərəflərin görüşünü belçikalı Conatan Lardot idarə edəcək. Ona həmyerlisi Frederik Qodelayn və litvalı Vitis Snarskis kömək edəcəklər. Matçın dördüncü hakimi funksiyasını litvalı Manfredas Lukyançiukas yerinə yetirəcək. Ukraynalı İqor İşenko bu qarşılaşmada həm UEFA nümayəndəsi, həm də hakim-İnspektor vəzifəsini yerinə yetirəcək.
Maraqlıdı ki, yığmamızın oktyabrın 6-da Avstriya ilə keçirilən ilk görüşündə də eyni hakimlər iş başında olmuşdu. Həmin matçda 1:4 hesabı ilə uduzan millimizi qırmızı vərəqə ilə də cəzalandıran Lardot 2-ci dəfə komandamızın oyununa təyinat alıb. Hakimlərdən fərqli olaraq, İşenko turnirdə ilk dəfə yığmamızın görüşündə iştirak edəcək.
Qeyd edək ki, Mariampol şəhərində eyni adlı klubun stadionunda baş tutacaq Bosniya və Herseqovina - Azərbaycan matçı Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.