Futzal üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə və pley-off mərhələlərinin ən məhsuldar oyunçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bombardirlər cədvəlində Azərbaycan millisinin üzvləri də yer alıblar.
3 seçmə və 2 pley-off matçında orta məhsuldarlığı 1-dən yüksək olan Eduardo və Vitali Borisov planetin ən yaxşılarındandı. 7 qola sevinən braziliyalı legionerimiz Avropanın 2-cisidi. O, yalnız 8 dəfə fərqlənən portuqaliyalı Kardinaldan geri qalır.
Vitali isə 6 dəfə rəqib qapısına yol tapan 3 oyunçudan biridi. O, isveçli Dan Moneil və moldovalı Kristian Obeda ilə 3-5-ci yerlərə şərikdi.
Kardinal isə tək bombardir deyil, assistentlər siyahısında da hamıdan öndədi. 5 dəfə fərqlənən portuqaliyalı macarıstanlı Zoltan Drotla ilk iki pilləni bölür. 3-cü yerin şərikləri arasında 4 məhsuldar ötürmə verən Rizvan Fərzəliyev də yer alıb.
“Qol+ötürmə” üzrə Avropanın ən yaxşısı olan Kardinalın hesabında 13 xal var. Onun ən yaxın izləyicisi isə millimizin liderlərindən olan Eduardodu. Milliləşən gutzalçımızın hesabında 10 xal – 7 qol və 3 ötürmə var. Eyni sayda assistentlik edən Borisov 9 xala malik 3 oyunçudan biri kimi 3-5-ci yerlərə şəriklər sırasındadı.