“Ötən mövsümdəki heyətdən çox az oyunçu komandada qalıb. Ancaq təklif gələn kimi qəbul etdim. Çünki bunu ciddi problem saymıram. Sıfırdan komanda qurmaq üçün bundan yaxşı nə ola bilər?”. Apasport.az saytının məlumatına görə, bunu “Astra”nın baş məşqçisi Edvard Yordanesku deyib.
Avropa Liqasının II təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq Rumıniya klubu yay fasiləsində heyətində ciddi islahatlar aparıb. Belə ki, yerli KİV Curcu klubunun 16 futbolçu ilə yollarını ayırdığını və yenilərini düşərgəyə cəlb etdiyini yazıb.
Rumıniya mətbuatına açıqlamasında bunu dəyərləndirən Yordanesku yeni kollektivlə uğur qazanacağına inandığını bildirib. Klubun sahibinin tez-tez onunla əlaqə saxladığını söyləyən 39 yaşlı mütəxəssis yeni formalaşmış komanda ilə uğur qazanmağın sirlərini də açıb: “Hər gün birlikdə çalışmaq və dayanmadan məşq etmək məcburiyyətindəyik. Yalnız bu halda uğur qazanmaq olar. Bir ailə kim birləşməli, gələcəyə nikbin baxmalı və meydanda bütün gücümüzü ortaya qoymalıyıq. Gənc futbolçuların təcrübəlilərə ehtiyacı var. Onlar birlikdə nə qədər çox vaxt keçirsələr, gənclər bir o qədər tez təcrübə toplayarlar. Klubun sahibi ilə, demək olar ki, hər gün söhbət edirəm. Çətin dönəmdə bir-birimizə yaxın olmalıyıq. Bu müddəti ən yaxşı şəkildə keçirməliyik. Əlbəttə ki, indi ən çox dəstəyə ehtiyacımız var”.
Yordanesku Avropa Liqasındakı çıxışlarına da toxunub. O, “Zirə” səddini keçəcəklərinə inanır: “Hamımız üçün avrokubok çox önəmlidi. Orda qazanılacaq qələbə mənə də, futbolçulara da, kluba da lazımdı. Risk etməliyik, ancaq oyun zamanı 90 dəqiqə ehtiyatı əldən vermək olmaz. Qarşıda “Zirə” ilə iki çətin mübarizəmiz olacaq. Biz Azərbaycan komandası ilə görüşlərdə həm uğurlu nəticə əldə etməyə, həm heyəti komplektləşdirməyə çalışacağıq”.
Qeyd edək ki, iyulun 13-də Rumıniyada keçiriləcək “Astra” – “Zirə” qarşılaşması Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.