[b]Yunanlar PAOK-u tənqid etdilər: İncə futbol oynadılar[/b]
04.11.2016 - 16:56
[b]Yunanlar PAOK-u tənqid etdilər: İncə futbol oynadılar[/b]

Avropa Liqasının IV turunda “Qarabağ”ı qəbul edən PAOK Bakıda olduğu kimi, öz meydanında da məğlubiyyətə düçar olub – 0:1. Apasport.az saytının məlumatına görə, bu səbəbdən salonikililər Yunanıstan mətbuatının ciddi tənqidi ilə üzləşiblər.

 

Matçı dəyərləndirən yerli KİV PAOK-un yenilməsinə səbəb kimi futbolçuların istənilən səviyyədə oyun nümayiş etdirməməsini göstərib. Yunanıstanlı həmkarlarımız “Qarabağ”ın layiqli qələbə qazandığını və komandalarının növbəti mərhələ şansının möcüzədən asılı olduğunu da vurğulayıblar.

 

Yunanlar dünənki görüşlə bağlı bu fikirləri yazıblar:

- Bizim ispan Miçel oyunun taleyini həll etdi. Sabiq AEK-li futbolçunun bir qolu matçın nəticəsini müəyyənləşdirdi. “Qarabağ” ilk dəqiqələrdən PAOK-un güclü təzyiqi ilə üzləşdi. Ancaq getdikcə orta sahədə çoxluq yaradaraq, bu təzyiqdən qurtuldu. Azərbaycanlılar ustalıqla komandamızı sakitləşdirdilər və yavaş-yavaş özləri təzyiq etməyə başladılar.

- PAOK-un qələbəsi üçün 11 futbolçu da yüksək tempdə oynamalı idi. Necə ki, Xose Kanyon bacardı. O, orta sahədə, demək olar ki, təkbaşına mübarizə apardı.

- Stefanos Atanasiadis günündə deyildi. Kapitan çox zəif oyun keçirdi.

- Atanasiadis artıq 4-cü dəqiqədə Maksim Medvedevə qarşı kobud oynayaraq sarı vərəqə aldı və komandanı pis vəziyyətdə qoydu. İndi PAOK “Fiorentina” ilə İtaliyada onsuz mübarizə aparmalı olacaq.

- Şotlandiyalı baş hakim Con Biton normal idarəçiliklə yadda qaldı. Ancaq komandamıza göstərilən 3 sarı vərəqədən ikisində əlini cibinə atmaya bilərdi. İstənilən halda, səssiz gecə oldu – cəmi 4 sarı vərəqə.

- PAOK-un futbolçuları incə futbol oynadılar. Ancaq Avrokubok matçları bir qədər sərtliyi sevir. İndi komanda möcüzəyə ümid edir. “Qarabağ” isə fərqli oyun göstərdi və layiqli qələbə qazandı. Bu komanda oyundan sonra tribunaların alqışını qazandı və hazırda növbəti mərhələyə vəsiqə uğrunda əsas favoritlərdəndi.