[b]Ziyanı xeyrindən çox “Qarabağ”[/b]
05.01.2017 - 17:38
[b]Ziyanı xeyrindən çox “Qarabağ”[/b]

“Qarabağ”ın son üç ildə Azərbaycan futboluna vurduğu ziyan xeyrindən az deyil. Bu komanda harda istedadlı, bacarıqlı gənc varsa, heyətə qatıb, onu məhv etməkdə artıq ad çıxarıb.

 

“Qarabağ”ın ardıcıl çempionluqları bütün futbolçuların ora keçmək arzusunu alovlandırır. Özünü təsdiq edənlər də ağdamlıların təklifinə “hə” deyir, yeni üzə çıxanlar da. Məhz bu səbəbdəndi ki, 2014-cü ildən bəri çox sayda gənc istedad itib-batıb.

 

Qurban Qurbanovun və onun briqadasının strategiyası məlumdu: rəqiblərin güclənməsinin qarşısını almaq və komandanın gələcəyini indidən formalaşdırmaq. Klub ilk planını həyata keçirməyi bacarır. Başda “Qəbələ” olmaqla, digər 1-2 rəqibin güclənməsinə imkan vermirlər. Bəs Azərbaycan futbolunun bunda qazancı nədi?

 

Son üç ildəki transferlərə və sərgilənən oyunlara baxsaq, xeyrindən çox ziyanının olduğunu əminliklə deyə bilərik. Çünki məşqçilər korpusu, onsuz da, avrokubokda gənclərə etibar eləmir. Komanda millinin aparıcı üzvləri və əcnəbilər sayəsində son üç ildə Avropa Liqasının qrupuna düşə bilib.

 

Ənənəsinə sadiq qalan “Qarabağ” bu qış daha iki gənc oyunçunu heyətinə qatdı. Elşən Abdullayevin ardından bu gün də Ağabala Ramazanovun Ağdam klubu ilə “nigah bağlayacağı” məlum oldu. Bu iki “nigah” dərhal “boşanma”nın nə zaman gerçəkləşəcəyi sualını ortaya çıxarır. Axı son iki ildə çox sayda belə ayrılığa şahidlik etmişik.

 

“Qarabağ” bu strategiyanın təməlini 2014-cü ilin yayında Tərlan Quliyev, Şəhriyar Əliyev, Cavid Tağıyev və Namiq Ələsgərovla qoydu. İlk iki oyunçu komandada olduğu müddətdə Qurbanova lazım olmadı, “Kəpəz”ə icarəyə verildi. Düzdü, Tərlan hazırda “İnter”in əsas heyət üzvüdü. Lakin “Qarabağ”ın “əməyi” sayəsində bir daha etibarlı futbolçular sırasına düşə bilmədi. AZAL-da əla təsir bağışlayan Cavidin “Qarabağ”da ilk mövsümü uğurlu alınsa da, nədənsə, ötən mövsüm Qurbanov ona güvənmədi və nəticədə yayda “Zirə”yə yola saldı. Tağıyevdə nə qədər geriləmə yarandısa, futbolçu hələ də özünə gələ bilmir.

 

Böyük ümidlər bəslənilən Ələsgərov üçün ilk mövsümü pis saymaq olmaz. Elə həmin vaxtdan millinin baş məşqçisi Robert Prosineçkinin sevimlisinə çevrilən Namiq indi də xorvatiyalının gözündə ən yaxşılardandı. Amma zədə ötən mövsümün ilk yarısında onu futbolsuz qoydu. “Qarabağ” yarımmüdafiəçini forma yığması üçün “Kəpəz”ə icarəyə verdi və yayda geri qaytardı. İnsaf naminə, Ələsgərov Gəncə klubunda özünü toparlamağı bacarmışdı və yayda “Qarabağ”a böyük ümidlə qayıtdı. Lakin futbolçuya ehtiyat qüvvə gözü ilə baxıldı, nəticədə Ələsgərov xeyli geri düşdü. Burda ona yer olmadığını, nəhayət ki, başa düşən Namiq bir neçə gün əvvəl “Neftçi”yə keçdi.

 

2015-ci ilin yayında “Qarabağ” gələcəyin heyətini qurmaq üçün Azər Salahlı, Vüqar Mustafayev, Coşqun Diniyev, Elvin Yunuszadə və Mahir Mədətovu transfer etdi. İlk 6 ayında 8 oyuna çıxan Vüqar dərhal “Zirə”yə icarəyə verildi. Hazırda paytaxt klubunun heyətində pis çıxış etmir. Salahlı isə 1 il Ağdam klubunda qala bildi. Onu “paslandıran” Qurbanov ötən yayda özünə gəlməsi üçün “Sumqayıt”a yolladı. Təsadüfi deyil ki, Azər ilk iki dövrədə “Sumqayıt”ın heyətində bütün matçlarda iştirak edən 4 oyunçudan biridi. Coşqun Diniyev, Elvin Yunuszadə və Mahir Mədətov hazırda “Qarabağ”dadılar. Ancaq onların da burdakı varlıqları ilə yoxluqları bilinmir. Halbuki bu futbolçular digər klublarda normal futbol sərgiləyə bilərdilər.

 

Son illər “Qarabağ”ın yolunu tutanlardan təkcə Bədavi Hüseynov bu komandada inkişaf etməyi bacardı. Bütün bunları nəzərə aldıqda, Elşən Abdullayev və Ağabala Ramazanovun da gələcək karyeralarını sual altına saldıqlarını düşünmək olar. Xüsusən də, Elşənin bu keçidə tələsdiyini proqnozlaşdırmaq çətin deyil. Çox pul və az əziyyətlə kubok qazanmaq arzusu həm inkişafda olan Elşənin, həm də milli komandanın əsas heyət üzvünə çevrilən Ağabalanın karyerasını məhvə sürükləyə bilər.

 

Ola bilsin ki, onların da çıxışı “Qarabağ”ın nəticələrinə ciddi təsir göstərməyəcək. Amma həm digər komandaların güclənməsinin qarşısını alar, həm də Azərbaycanı daha iki istedadlı oyunçudan məhrum edə bilər. Bu məsələdə isə itirən “Qarabağ” yox, məhz Azərbaycan futbolu olar.

 

Ruslan SADIQOV