Bakının “İnter” klubunun gürcüstanlı müdafiəçisi Zurab Xizanişvilinin apasport.az saytına müsahibəsi
- Mövsümün tən yarısında sponsor “İnter”i maliyyələşdirməkdən imtina etdi. Təcrübəli futbolçu kimi bu durumu necə şərh edərdiniz?
- Əlbəttə, bu klub üçün yaxşı hal deyil. Əgər sponsor mövsüm başlamazdan əvvəl və ya çempionat başa çatdıqdan sonra dəyişsəydi, başa düşmək olardı. İndi çempionatın ikinci yarısı başlayıb, komanda ilk “üçlük”də qərarlaşıb və məlum olur ki, sponsor klubu maliyyələşdirməkdən imtina edir. Bu addım “İnter” üçün çətin olacaq.
- Oyun planında axsamalar yarana bilərmi?
- Futbolçular və bütün məşqçi heyəti klub üçün əlindən gələni edir. Çalışırıq ki, bu kimi məsələlər diqqətimizi yayındırmasın. Ona görə də, oyunlara əvvəlki kimi hazırlaşmaqda davam edirik.
- Artıq “İnter”ə AFFA tərəfindən səlahiyyətli nümayəndə təyin edilib. Yeni idarəçi ilə görüşmüsüzmü və hansı vədlər verilib?
- Bizə dedilər ki, mövsümün sonuna qədər idarəçilik AFFA tərəfindən ayrılmış nümayəndənin nəzarətində olacaq. Ancaq hələ heç kimlə görüşümüz olmayıb. O, klubda bu gündən işə başlayacaq. Yəqin gün ərzində futbolçularla görüş olar.
- Üçüncü dövrəyə qələbə ilə başladınız. Amma növbəti rəqibiniz “Sumqayıt” iddialı “Qəbələ”dən xal almağı bacardı. Bu dueldən nə gözləyirsiniz?
- Biz “Kəpəz”ə qarşı, həqiqətən də, yaxşı oynadıq. Nəticədə böyükhesablı qələbə qazandıq. “Sumqayıt”la matçda da bu cür çıxış edəcəyik. Hətta daha yaxşı oynamaq üçün nə lazımdırsa, edəcəyik. Yola çıxmışıq, dayanmaq olmaz.
- Digər klubların oyunlarını necə, izləmisinizmi?
- Fasilədən istifadə edib bütün klublar heyətlərini yeni transferlərlə gücləndirməyə çalışdı. Təbii ki, yeni gələn futbolçu komandanı gücləndirir, rəqabət yaradır və digər futbolçuların da artırmasına nail olur. Bizə indiki durumda transfersiz oynamaq çətindi.
- Üstəlik, fasilədə Ağabala Ramazanov və Ruslan Abışov kimi əsas heyət üzvlərini itirdiniz…
- Həm Ağabala, həm də Ruslan güclü futbolçulardı. Klubumuzdan ayrılsalar da, hər ikisinə uğurlar arzulayıram.
- Mövsümün sonunda müqaviləniz başa çatacaq. Planlarınız necədi?
- İndi bu haqda danışmaq tezdi. “İnter”in uğur qazanması üçün qarşıdakı 3-4 ayda da maksimum gücümüzü sərf edəcəyik. Planım isə yayda məlum olacaq. Bəli, klubla müqaviləm başa çatır.
- “Sumqayıt”dan sonra fasilədə transferləri ilə gündəmi zəbt edən “Neftçi” ilə qarşılaşacaqsınız. Bu komandanı necə, izləmisinizmi?
- “Neftçi” hər zaman Azərbaycanın ən köklü, tarixi və böyük klubudu. Həqiqətən də, bu cür kluba qarşı oynamağı özüm üçün böyük şəfər hesab edirəm. Bu komandaya hər zaman hörmətlə yanaşmışam və bu yanaşmam heç vaxt dəyişməyəcək.